Noyabrın 15-də IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Qafqaz Təbiəti Mərkəzi” Muxtar Qeyri-Kommersiya Təşkilatının Moskva şəhərində yerləşən baş qərargahında təşkilatın baş direktoru Renata Şyuşayte ilə görüşüb.
R.Şyuşayte rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və gələcək planları barədə məlumat verərək bildirib ki, “Şimali Qafqaz Təbiətinin Qorunması və Mühafizəsi Mərkəzi” Muxtar Qeyri-Kommersiya Təşkilatı (“Qafqaz Təbiəti Mərkəzi” MQKT) “Şimali Qafqaz Kurortları” Səhmdar Cəmiyyəti tərəfindən yaradılıb. “Qafqaz Təbiəti Mərkəzi” MQKT-nin məqsədi Şimali Qafqaz təbiətinin resurslarının qorunmasına, artırılmasına və mühafizəsinə, Şimali Qafqaz Federal Dairəsində ekoloji təşəbbüslərin dəstəklənməsi, Şimali Qafqazın flora və faunasının nadir və yoxolma təhlükəsi ilə üzləşən növlərinin qorunması üzrə təbiətin mühafizəsi layihələrinin reallaşdırılmasına yönələn layihələri sistemli olaraq həyata keçirməkdir.
Mərkəzin başlıca layihələrindən biri – “Qafqazda Ön Asiya bəbirinin bərpası (reintroduksiya) üzrə proqram” Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2007-ci ildən reallaşdırılır. Proqramın inkişafı məqsədilə Soçi Milli Parkında Qafqazda Bəbirlərin Bərpası Mərkəzi inşa olunub.
Leyla Əliyeva, öz növbəsində, IDEA-nın Qafqazın nadir heyvan növlərinin mühafizəsi layihələrindən, o cümlədən “Qafqazın Böyük Beşliyi” proqramı barədə danışıb. O, 2016-cı ilin iyun ayında Soçi Milli Parkına səfərini xatırlayaraq, burada yaradılmış Qafqazda Bəbirlərin Bərpası Mərkəzinin fəaliyyətini müsbət qiymətləndirib. Qeyd olunan Mərkəz Qafqazın nadir heyvan növü olan bəbirlərin populyasiyası üzrə bir təsisatdır. Leyla Əliyeva Qafqaz faunasının mühafizəsinin səmərəliliyinin artırılması baxımından IDEA və “Qafqaz Təbiəti Mərkəzi”nin səylərinin birləşdirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə IDEA İctimai Birliyi və “Qafqaz Təbiəti Mərkəzi” MQKT arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən tərəflər arasında Qafqaz bəbirinin mühafizəsi və sayının artırılması sahəsində birgə fəaliyyət istiqamətləri müəyyən olunub.
Tərəflər aktual regional ekoloji məsələləri, o cümlədən sərhədyanı ərazilərdə təbiətin qorunması və ictimaiyyətin maarifləndirilməsini, zubrların Qafqaza reintroduksiyası və onların sayının artırılması, Xəzər suitisinin mühafizəsi və Qafqazda eko-turizmin təşviqi sahələrində əməkdaşlıq perspektivlərini, həmçinin Rusiyada yaşayan azərbaycanlı gənclərin “2017 – Ekologiya ili” çərçivəsində həyata keçiriləcək ekoloji layihələrdə iştirakını müzakirə ediblər.
AZƏRTAC