Suraxanı rayonunda “Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi günü” ilə əlaqədar “Status online: təhlükələr və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib.
1news.az xəbər verir ki, bu gün Suraxanı rayonu Heydər Əliyev Mərkəzində 18 noyabr- “Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi günü” ilə əlaqədar Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın uşaqlar üzrə baş məruzəçisi, Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyevanın təşəbbüsü, Suraxanı rayon İcra hakimiyyəti və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Status online: təhlükələr və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Bakının Nəsimi, Nizami, Binəqədi və Suraxanı rayon məktəblərinin direktorları, müəllim və şagird heyəti, məktəb psixoloqları, valideyinlər,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin və QHT nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Sevinc Fətəliyeva bildirib ki, uşaqların təhlükəsiz, sağlam mühitdə yaşaması və hərtərəfli inkişafına şərait yaradılması dövlətlərin və insanların mənəvi borcudur:
“Təəssüf ki, hazırkı narahat dünyada bunları təmin etmək bəzi dövlətlər üçün qeyri-mümkündür. Dünyada gedən müharibələr və münaqişələr nəticəsində hər gün günahsız uşaqlar qətlə yetirilir, valideynsiz qalır, insanlığa yaraşmayan hadisələrlə üzləşirlər. Uşaq hüquqlarının müdafiəsi hər bir dövlət üçün mürəkkəbləşir və çətinləşir”.
S.Fətəliyeva Azərbaycanda dövlət səviyyəsində uşaq hüquqlarının qorunması istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini bildirib. O, həmçinin Heydər Əliyev Fondunun uşaqlarla bağlı həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.
S.Fətəliyeva uşaqların internet təhlükəsizliyi ilə bağlı da fikirlərini bildirərək bu məsələdə həm valideynlər, həm də uşaqların düzgün istiqamətləndirilməsinin vacibliyini qeyd edib:
“Lakin, xüsusilə qeyd etməliyik ki, bu sahədə ən böyük məsuliyyət valideynlərin, eyni zamanda internet xidməti provayderləri və təhsil qurumlarının üzərinə düşür”.
Tədbirdə çıxış edən şagirdlər isə uşaq hüquqlarından, internetdən istifadə məqsədləri haqqında çıxış edib, öz yaşıdlarını internetdən səmərəli istifadəyə və təhlükəli saytlardan uzaq olmağa çağırıblar.
1news.az