Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin işi üzrə sabiq nazir Əli Abbasov ibtidai istintaqa ifadə verib.
1news.az-ın APA-ya istinadən məlumatına görə, iş üzrə şahid qismində dindirilən Əli Abbasov deyib ki, nazirliyin ayrı-ayrı subyektlərindən, eləcə də strukturuna daxil olmayıb tabeliyində olan təşkilatlardan özünün ümumi məlumatı əsasında aylıq olaraq vəsaitlər toplanılıb.
Həmin vəsaitlər Vidadi Zeynalovun həmin struktur qurumların rəhbərləri ilə öz aralarında müəyyənləşdirdikləri və razılaşdırdıqları qaydada paylanılıb və digər xərclərə yönəldilib.
Bununla bağlı mütəmadi olaraq Vidadi Zeynalovun ümumi hesabatını qəbul edib. Bəzi hallarda həmin struktur qurumların rəhbərləri özləri ona şəxsən məlumat veriblər. Vidadi Zeynalova hansı qurumdan nə qədər vəsait alması barədə göstəriş verməyib, yalnız nazirliyin ümumi xərclərinin tənzimlənməsini tapşırıb.
Sonuncu hesabatlarında toplanmış vəsaitlərin ümumi miqdarı və kimlərə paylandığını bildirsə də, konkret olaraq kimə hansı miqdarda vəsait verilməsini bilməyib. Sabiq nazir özünün şəxsi xərclərinə aylıq olaraq 200.000-300.000 manat vəsait xərclədiyini bildirib. Bundan əlavə nazir müavinlərinə əvvəllər 30.000 manat, son iki ildə isə 50.000 manat pul verilib. Bundan başqa, nazirliyin digər əməkdaşlarına da maddi ehtiyaclarını ödəmək üçün pullar verilib. Bayram şənliklərinin və digər mədəni-kütləvi tədbirlərin keçirilməsinə də vəsait xərclənib.
1news.az