“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və Küveyt Mülki Aviasiya İdarəsinin baş direktoru Yusif Əl-Fuzan (Yousef Al-Fouzan) iki ölkə arasında hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalayıblar.
1news.az-a Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən verilən xəbərə görə, qeyd olunan sazişin imzalanması nəticəsində ölkələr arasında hava əlaqəsinin açılması üçün maneələr aradan qaldırıldı ki, bu da Azərbaycan və Küveyt arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etməsinə təkan verəcək.
Mülki aviasiya ölkələr arasında millətlərarası mübadilənin təmin olunmasında mühüm rol oynayır və Azərbaycanla Küveyt arasında sərnişin daşımaları bazarının tələbatını ödəməyə hazırdır. Xüsusilə, Azərbaycanın Milli daşıyıcısı “Azərbaycan Hava Yolları” və yük daşıyıcısı “Silk Way Airlines” Küveyt şəhərlərinə birbaşa reyslərin açılması imkanlarını araşdırırlar. Eyni zamanda, Küveytin "Əl-Cəzirə" aviaşirkəti ölkəmizə birbaşa reyslər açmaq niyyətindədir.
1news.az