Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 27 dini icmaya şəhadətnamələr təqdim edilib.
1news.az-a Komitəsindən verilən xəbərə görə, toplantıda DQİDK sədrinin müavini Gündüz İsmayılov, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
Dini icmaların Azərbaycan cəmiyyətində özünəməxsus yeri və rolundan danışan Komitə sədrinin müavini Gündüz İsmayılov bildirib ki, yeni qeydiyyatdan keçən dini icmalar ölkənin bütün bölgələrini əhatə edir.
Dövlət başçısının ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə davamlı olaraq tədbirlər keçirildiyini vurğulayan Gündüz İsmayılov yeni qeydiyyatdan keçən dini icmaları dinimizin, milli-mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində aktiv olmağa çağırıb.
O qeyd edib ki, dini maarifləndirmə tədbirlərinin təşkilində, dini radikalizmə qarşı mübarizədə, yerlərdə insanların mənəvi tələbatının ödənilməsində dini icmalar da məsuliyyət daşıyır.
Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə müvafiq tövsiyələri verən Dövlət Komitəsi sədrinin müavini icmaların daha aktiv olmalarının, yerlərdə axund və imamlarla, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə, eləcə də digər dövlət strukturları ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmələrinin vacibliyini bildirib.
Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov qeydiyyat şəhadətnamələrini dini icma sədrlərinə təqdim edib.
Sonda dini icma sədrlərini maraqlandıran suallar cavablandırılıb.
1news.az