Xaçmaz Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb.
1news.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciəti və intensiv danışıqlardan sonra son 3 gündə 475 avtonəqliyyat vasitəsinin sərhəddi keçməsi təmin edilib.
Xatırladaq ki, Rusiya Federasiyası istiqamətində yerləşən sərhəd-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olması ilə əlaqədar Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı yaranmışdı. Problemin operativ şəkildə həll edilməsi məqsədi ilə noyabrın 11-də Dövlət Gömrük Komitəsi rəhbərliyi Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciət edib, eyni zamanda həmin gün sərhəddə hər iki ölkənin gömrük və sərhəd xidmətlərinin nümayəndələri arasında görüş keçirilib.
Noyabrın 12-də isə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev şəxsən “Samur” gömrük postuna gedərək vəziyyətlə tanış olub.
Noyabrın 13-də isə yenidən Azərbaycan-Rusiya sərhədində Xaçmaz Gömrük İdarəsinin rəhbərliyi ilə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin Dağıstan Gömrük İdarəsinin rəhbərliyi arasinda görüş keçirilib. Görüşdə son günlərdə sərhəddə avtonəqliyyat vasitələrinin sıxlığının yaranmasının səbəbləri və çıxış yolları müzakirə edilib, tərəflər arasında bənzər problemlərə operativ müdaxilə edilməsinə dair protokol imzalanıb.
Onu da qeyd edək ki, bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Ruslan Davıdov arasında telefon danışığı olub. Tərəflər son günlər Azərbaycan-Rusiya sərhədində mövcud vəziyyəti müzakirə edib və Komitə sədri iki ölkə sərhədində yaranan avtonəqliyyat vasitələrinin sıxlığı ilə bağlı problemin operativ şəkildə həllinə görə Rusiya tərəfinə təşəkkürünü bildirib.
Mövzu ilə əlaqədar: Dövlət Gömrük Komitəsi Azərbaycan-Rusiya sərhəddində sıxlığın yaranmasına aydınlıq gətirib
Azərbaycan-Rusiya sərhədində yaranan sıxlığın aradan qaldırılması ilə bağlı razılıq əldə olunub
1news.az