Bu ilin sonunadək Azərbaycan ixrac missiyasının Dubaya və Misirə səfəri planlaşdırılır.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.
AZPROMO rəhbəri qeyd edib ki, bu barədə yaxın günlərdə rəsmi elanlar veriləcək və ixracatçılar bu missiyalarda iştirak etmək üçün dəvət olunacaqlar. Bu missiyalara daha çox kənd təsərrüfatı, emal, spirtsiz içki istehsalçıları və ixracatçılarını dəvət etməyi nəzərdə tuturuq.
Qeyd edək ki, ilk ixrac missiyası hazırda Çindədir. AZPROMO-nun və Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan şirkətlərin nümayəndələrinin daxil olduğu ixrac missiyası Honqkonq Xüsusi İnzibati Ərazisində keçirilən “Honqkonq Şərab və Spirtli İçkilər Sərgisi”ndə və “Quancou Şərab Sərgisi”ndə iştirak edəcək. Səfər zamanı iş adamları arasında ixrac imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq. İxrac missiyası, həmçinin Çin Xalq Respublikasında yerli distribüterlərlə, potensial müştərilərlə görüşlər keçirəcək, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olacaqlar.
1news.az