İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Rəqabət” mövzusunda təlim keçirilib.
1news.az-a Mərkəzinin mətbuat xidmətindən verilən xəbərə görə, Avropa İttifaqının TAIEX proqramının Azərbaycanda missiyada olan ekspertləri Filip Brusik və Valentin Derevyankinin, İİTKM-nin konsaltinq və treyninq üzrə koordinatoru Kamil Ələsgərlinin təşkilatçılığı ilə keçirdiyi təlimdə sağlam rəqabətin təmin edilməsi və inhisarların aradan qaldırılması sahəsində dünya, xüsusilə də Avropa İttifaqının təcrübəsini bölüşüb, bu sahədə Azərbaycanda mövcud qanunvericilik, institutsional struktur və rəqabət siyasətinə edilə biləcək əlavə və dəyişikliklər haqqında müzakirə aparıblar.
Kamil Ələsgərli bildirib ki, sağlam rəqabətə mane olan rəsmi və qeyri-rəsmi anlaşmalar, üfüqi və şaquli müqavilələr, hər hansı iri bazar iştirakçısının öz mövqeyini ədalətsiz şəkildə istifadə etməsi, inhisarlar yaradılması məqsədilə müəssisələrin birləşməsi, eyni zamanda bu hallara dünyada və Avropa İttifaqında geniş yayılmış mübarizə metodları xüsusi müzakirə mövzusudur.
Qeyd edək ki, Avropa İttifaqının ilk 2 həftəlik missiyasının Azərbaycandakı rəsmi tərəfdaşı İİTKM-dir. Ümumilikdə 3 missiyanın olması planlaşdırılıb və missiyaların yekununda hazırlanacaq tövsiyyələr Azərbaycan hökümətinə təqdim olunacaqdır.
1news.az