2017-ci ildə Bakıda baş tutacaq 4-cü İslam Həmrəyliyi Oyunları nəzdində fəaliyyət göstərəcək Könüllülük Proqramına qeydiyyata start verildi.
1news.az-ın məlumatına görə, növbəti il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında könüllü fəaliyyətinə qoşulmaq istəyən hər kəsin rəsmi internet səhifəsində (http://baku2017.com/volunteers) qeydiyyatdan keçməsi, müsahibə və təlimlərdə iştirakı mütləq sayılır.
Könüllü olaraq seçiləcək gənclər İslam Həmrəyliyi Oyunlarının keçirilməsində müxtəlif sahələrdə, o cümlədən qonaqların qarşılanması, akkreditasiya, media, idman, texnologiya, nəqliyyat, məkanın idarə olunması, işçi qüvvəsi, milli olimpiya komitələri, təhlükəsizlik və protokol kimi sahələrdə könüllülər fəal çalışaraq böyük təcrübə əldə edəcəklər.
Beləliklə, Bakı 2017 İslam Oyunları Əməliyyat Komitəsi fəal və həvəsli, məsuliyyətli, yardımsevər və xeyirxah, mehriban və gülərüz, ünsiyyət qurmağı bacaran, komandada işləmək bacarığı olan hər kəsi IV İslam Həmrəyliyi oyunlarının bir parçası olamağa dəvət edir.
Könüllü olmaq üçün müraciət etmək istəyən namizədlər http://baku2017.com/volunteers səhifəsində qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesini tamamlamış namizədlər müsahibə mərhələsindən uğurla keçdikdən sonra əməliyyat komitəsinin peşəkarları tərəfindən verilən bir sıra təlimlərə cəlb olunacaqlar və bununla da onlar könüllülük fəaliyyəti üçün tələb olunan yüksək göstəricilərə yiyələnəcəklər.
Oyunlar zamanı könüllülər aşağıdakıları əldə edəcəklər:
- Unudulmaz və maraqlı təcrübə;
- Komandada işləmək imkanı;
- Yeni münasibətlər və dostluqlar;
- Azərbaycanı təmsil etmək imkanı;
- Xüsusi mükafatlandırma tədbirlərinə dəvət;
- Rəsmi uniforma;
- Sertifikat.
Qeyd edək ki, son dövrlərdə beynəlxalq tədbirlərin uğurla keçirilməsində minlərlə könüllünün rolu əvəzolunmazdır. İslam ənənələrini özündə əks etdirən müasir və fəal cəmiyyətin yaşadığı paytaxt Bakıda belə bir dünya miqyasli idman tədbirinin təşkili və uğurla həyata keçirilməsi üçün 8 min fəal könüllünün cəlb olunması nəzərdə tutulur.
1news.az