Bu gün – noyabrın 9-u Azərbaycanda “Dövlət Bayraq Günü” qeyd edilir.
1news.az-ın verdiyi məlumata əsasən, 2009-cu ilin noyabrın 17-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 noyabrın Dövlət Bayrağı günü elan edilməsi haqda sərəncam imzalayıb.
Azərbaycan Demokratik Respublikasından bizə varis qalan dövlət bayrağımız 1918-ci ilin noyabrın 9-da qəbul edilmişdi.
Bunu nəzərə alaraq, hər ilin 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir. Azərbaycanın Milli Məclisinin müvafiq qanunlayihəsi ilə 9 noyabr tarixi Azərbaycanda iş günü sayılmır.
Qeyd edək ki, 1918-ci ilin noyabrın 9-da Azərbaycan Demokratik Respublikasının Nazirlər Şurası milli bayraq haqda qərar qəbul edib.
Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski tərəfindən imzalanan bu qərarda deyilir:
“Milli bayraq qismində mavi, qırmızı və yaşıl rənglərdən ibarət və üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir edilmiş bayraq təsdiq edilsin”.
1991-ci ilin fevralın 5-də Azərbaycan Respublikasının Ali Şurası bu bayrağı müstəqilliyini bərpa etmiş ölkəmizin dövlət bayrağı elan edib.
2010-cu ilin sentyabrın 1-də Bakıda təntənəli surətdə Dövlət Bayrağı Meydanının açılışı keçirilib. Dövlət Bayrağı Meydanının yaradılması haqda sərəncam 2007-ci ilin noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən imzalanıb.
Meydanın təməlqoyma mərasimi 2007-ci ilin dekabrın 30-da dövlət başçısının iştirakı ilə baş tutmuşdu.
Qeyd edək ki, sözügedən meydanda həmçinin Dövlət Bayrağı Muzeyi yaradılıb.
1news.az