Şənbə günü Nyu-Yorkda azərbaycanlı rəssam Fidan Bağırovanın dini tolerantlıq, sülh və harmoniya əlaməti olaraq güllərə həsr olunmuş sərgisi başa çatıb.
Sərgi “Voyage En Fleur” (tərcüməsi – “Çiçəklər vasitəsilə səyahət”) adlanırdı. Qərbi Brodveydə noyabrın 2-dən 5-dək keçirilmiş sərgi metal heykəllər, neon multimedia stendləri və fotolardan ibarət idi.
“Bu narahat zamanlarda dini barış, sülh və əmin-amanlığa diqqət etməyə çalışmışam. Eləcə də əsərlərim vasitəsilə çiçəklərin ənənəvi rənglərini simvolizə etməyə çalışmışam”, - sərgi müəllifinin müraciətində bildirilir.
“Voyage En Fleurs” sərgisində təqdim edilən heykəllərlə müəllif miqrasiya problemlərinə, eləcə də insanların azad yaşaması ilə bağlı yeni arzulara toxunub.
Sərgidə alüminumdan dolğun rənglərdən hazırlanmış heykəllər təqdim edilib.
“Sənət vasitəsilə insanları birləşdirmək istərdim. Güllər mənimçün – şükranlıq, sevgi və dostluq əlidir. Güllərim mücərrəddir, kobud metal vasitəsilə həyatı nümayiş etdirmək istəmişəm. Sübut olunub ki, güllər psixoloji cəhətdən əhval-ruhiyyəyə təsir edir və insanları xoşbəxt edir”.
Fidan metal heykəlləri Bruklindəki fabrikdə, güllərin fotolarını isə öz emalatxanasında hazırlayıb:
“Təxəyyül – iki tərəfli sonluqdur. Özündə həm ümidi, həm də puç olmuş arzuları birləşdirir. Gözəllik və mükəmməlliyə can atan cəmiyyət qarşısında qəlbin istiliyi kimi insani dəyərlər asanlıqla itirilə bilər. Bu sərgi incə tarazlığın nümayiş olunmasına yönəlib”.
Qeyd edək ki, Fidan Bağırova Cenevrədə doğulub, Londonda dizayner və jurnalistika təhsili alıb. Hazırda isə Nyu-Yorkda yaşayır. Gənc olmasına baxmayaraq, onun incəsənət, moda və kino sənəti ilə bağlı böyük təcrübəsi var.
Sərgiyə kinorejissor, Oskar mükafatı almış Pol Haqqis, aktyor Adrian Qrenyer, müəllif Salman Ruşdi, “Vogue Italia” jurnalının redaktoru Ruşka Berqman, model Karolina Parsons, “Fugees” qrupunun solisti Pras Mişel və digər məşhurlar təşrif buyurub.
“Voyage En Fleurs” sərgisi “Lonely Whale” (Tənha balina) ekoloji fondunun əməkdaşlığı ilə keçib. Razılığa əsasən sərgidə satılan hər bir əsərin 10%-i bu fonda köçürüləcək.
Fidan Bağırovanın yaradıcılığı ilə onun peşəkar veb-saytı ilə tanış ola bilərsiniz.