Dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycanın İtaliyadakı səfirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Florensiya “Luigi Cherubini” Musiqi Konservatoriyası ilə birgə konsert təşkil edib.
1news.az-a Səfirlikdən verilən xəbərə görə, Romanın məşhur “Palazzo della Cancelleria” sarayında keçirilmiş tədbirdə İtaliyanın dövlət qurumlarının nümayəndələri, Senatın və Deputatlar Palatasının üzvləri, diplomatik korpusun, iqtisadi, elmi-akademik dairələrin təmsilçiləri, incəsənət xadimləri iştirak ediblər.
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ölkəmizin müstəqillik illərindəki uğurları, xarici siyasəti, İtaliya ilə əməkdaşlığı, xüsusilə mədəniyyət sahəsində əlaqələri haqqında danışıb.
İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Sercio Divina Azərbaycanın multikulturalizm ənənələrindən, ölkəmizin regionda oynadığı önəmli roldan bəhs edib. O, Azərbaycan-İtaliya əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini bildirib.
Konsertdə azərbaycanlı pianoçu, Xalq Artisti Yeganə Axundova və skripkaçı, Xalq Artisti Zəhra Quliyeva, italiyalı tenor Leonardo De Lisi və violonçel ustası Pierluici Rucciero tərəfindən məşhur italyan və Azərbaycan bəstəkarlarının əsərlərinin ifası auditoriya tərəfindən hərarətli alqışlarla qarşılanıb. Tenor Leonardo De Lisinin Üzeyir Hacıbəylinin “Sevgili canan” romansını ifa etməsi isə tamaşaçıların xüsusi marağına səbəb olub.
Ziyafətlə davam etdirilən tədbir İtaliya mətbuatının diqqət mərkəzində olub.
1news.az