Noyabrın 5-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində ilk dəfə TEDx konfransı keçiriləcək.
“Təhsil və elmin vəhdəti” mövzusunda təşkil ediləcək konfransın təşkili üçün bu ilin mart ayında TED təşkilatından rəsmi lisenziya alınıb.
1news.az-a UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, altı aylıq hazırlıq prosesində TED tərəfindən təqdim edilən konfransın təşkili standartları tam formada icra edilib.
İlk TEDxUNEC konfransında elm və təhsil sahəsində böyük təcrübəyə malik məruzəçilər: UNEC-in rektoru, professor Ədalət Muradov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, millət vəkili Fazil Mustafa və təhsil üzrə ekspert, professor Şahlar Əsgərov mövzu ilə bağlı dəyərli fikirlərini paylaşacaqlar.
Artıq 32 ildir ki, dünyada alim, sahibkar, ictimai xadim, biznes nümayəndələri və digər peşə sahiblərinini bir platformada birləşdirən TED (Technology, Entertainment, Design) intellektual konfransının məqsədi unikal ideyaları paylaşmaqdır. “Bölüşməyə dəyər fikirlər” (Ideas worth spreading) devizli TED təşkilatının lokal cəmiyyətlərdə təbliğinə şərait yaradan TEDx proqramı 2009-cu ildən etibarən bütün dünyanı dolaşmaqdadır. Bu günə qədər planetin yüzlərlə şəhərlərində və universitetlərdə müstəqil TEDx tədbirləri keçirilib və bu təşəbbüslər durmadan artır.
TEDxUNEC konfransında iştirak etmək istəyənlər noyabrın 5-də saat 11:00-da UNEC-in əsas tədris binasına (İstiqlaliyyət küç.,6) dəvət olunurlar.
1news.az