Bu ilin oktyabr ayında Heydər Əliyev Beynəlxalq Hava Limanı 265 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur.
1news.az-ın məlumatına görə, ümumilikdə, cari ilin ötən on ayı ərzində Bakı hava limanı 2,7 milyon sərnişinə xidmət göstərib. Milli aviadaşıcıya 1,7 milyon sərnişin üstünlük verib, o cümlədən “Azərbaycan Hava Yolları”-nın Naxçıvan və Gəncəyə daxili uçuşlarında 468 min sərnişin daşınıb ki, bu da ümumi sərnişin dövriyyəsinin 17 faizini və AZAL dövriyyəsinin 27 faizini təşkil edir.
Bu müddət ərzində hava limanının yük terminalları vasitəsilə 12,9 milyon ton yük daşınıb.
Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Xaricə gedən sərnişinlərin ümumi sayının 45 faizi onların payına düşür.
2016-cı ildə “Iraqi Airways”, “Fly Baghdad”, “ATA Airlines”, “Air Cairo”, “Komaviatrans” aviaşirkətləri, həmçinin “Pobeda” loukosteri Bakıya uçuşlara başlayıb.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.
1news.az