“Rusiya-Azərbaycan regionlararası forum iki ölkə arasında strateji əməkdaşlığa töhfə verəcək”.
1news.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev 7-ci Azərbaycan-Rusiya regionlararası forumun iştirakçılarına göndərdiyi təbrik məktubunda qeyd edib.
Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun oxuduğu məktubda qeyd olunur ki, bu forum qarşılıqlı maraq kəsb edən sahələrin inkişafına təkan verir:
“Bu kimi forumlar çərçivəsində konstruktiv təşəbbüslər yaranır, iki ölkə arasında əlaqələrin dərinləşməsinə töhfə verir, sənaye və kənd təsərrüfatı sahələrində təcrübə mübadiləsi aparmağa imkan yaradır. İki ölkə güclü iqtisadi potensiala və birgə çalışma təcrübəsinə malikdir”.
İ.Əliyev qeyd edib ki, hazırda dünyada hökm sürən qlobal böhran bütün dünyada ciddi dəyişikliklərə gətirib çıxarıb:
“Ümid edirəm ki, forum konstruktiv müzakirələrə şərait yaradacaq, maraqlı layihələrlə nəticələnəcək və ölkələrimizə real fayda verəcək”.
1news.az