Azərbaycanın görkəmli rəssamı, çoxsaylı nüfuzlu beynəlxalq mükafatların sahibi Sakit Məmmədovun əsərləri onun şəxsiyyəti ilə heyrətamiz ahəngdarlıq təşkil edir. Rəssamın təsvir etdiyi hər bir mənzərə kompozisiya cəhətdən zərif koloritli ahənglərlə zəngindir. Seçdiyi hər bir rakurs tamaşaçının qarşısında tamamilə fərdi, təkrarsız obrazlar yaradır.
Sakit Məmmədovla onun dörd mərtəbədən ibarət şəxsi qalereyasında görüşdük. Burada hər tərəfdən səni əhatə edən ecazkar rəsm əsərlərinə baxdıqca başqa bir dünyaya düşürsən. Qalereyanın əsas zalında bizi rəssamın özü qarşılayır. Görkəmli musiqiçi Vaqif Mustafazadənin ağ royalı ətrafında söhbətimizə başlayırıq.
- Sakit müəllim, bu qalereyanı yaratmaq ideyası necə yarandı?
- Qalereya yaratmaq çoxdankı arzum idi. Bura tez-tez xaricdən qonaqlarım gəlirlər. Bu ağ royalı isə Vaqifin köhnə tanışlarından biri təklif etmişdi, mən də aldım. Düzünü desəm, çox baha qiymətə idi. Bu yaxınlarda qalereyada Əzizə Mustafazadə qonaq oldu, bu royalı görüb kövrəldi. Dedim ki, əgər istəsəniz, bunu sizə hədiyyə edə bilərəm. Dedi ki, xeyr, ən gözəl yeri buradır. Atam rəssamlığı çox sevərdi. Sizin rənglər də onun musiqisinə yaxındır.
Royalın üzərində tanınmış simaların imzaları toplanır. Bu ideyanı rəssam Tahir Salahov verdi. Ondan sonra dünyanın bir çox ölkələrindən gələn incəsənət xadimləri burada öz imzalarını qoyurlar. Amma çox qəribədir ki, indiyə qədər mən bu royala toxunmamışam. Vaqifdən bir xatirə kimi qoruyub saxlayıram.
- Sakit müəllim, siz daim səfərlərdəsiniz. Növbəti səfəriniz hansı ölkəyə olacaq?
- Bu ay bir tədbirlə əlaqədar olaraq Türkiyəyə yola düşəcəm. Daha sonra Portuqaliyada, Cakartada, Sinqapurda, Qətərdə mənim və tələbələrimin əsərlərindən ibarət sərgilər olacaq. Noyabrın 17-dən 25-dək isə Cakartada bir çox yeni əsərlərim sərgilənəcək.
- Bu səfərlərdən yorulmursunuz?
- Xeyr, əksinə, zövq alıram. Ay ərzində müəyyən bir tarixə qədər görüşlər və tədbirlərdə olub, daha sonra işə başlayıram. Həmin vaxt ərzində emalatxanamda çalışıram. Ölkə xaricində olanda da işimdən qalmıram. Əcnəbi xalqların mədəniyyəti və adət-ənənələri məni daha çox maraqlandırır, çünki Avropa ölkələrinin memarlıq üslubu bir-birinə çox oxşayır. Məsələn, Avstriyada peyzaj çəkmişəm, elə biliblər ki, Parisdir. Yaxud Portuqaliyada çəkdiyim mənzərəni İspaniya sanan olub. Ümumiyyətlə, dünyanı gəzib-görmək maraqlıdır.
Rəssamın emalatxanasında cazibədar italyan aktrisası Monika Belluççinin portretini görürük. Rəssam bu rəsmin yaxın zamanda sahibəsinə çatdırılacağını bildirir:
- Monika Belluççi ilə Monakoda keçirilən sərgidə görüşməli idik. Ancaq İngiltərəyə, Britaniya kraliçası ilə görüşə getdim deyə, ona bu rəsmi hədiyyə edə bilmədim. Monika Belluççiyə onun başqa bir portreti hədiyyə olunub, bu isə yenidir. Onun şəxsi kolleksiyasında mənim bir çox əsərlərim var. Yaxın vaxtlarda ona bu portreti də hədiyyə edəcəm. Monika Belluççinin mənim sənətimə böyük hörməti var.
- Bu il yubileyini qeyd edən kraliça 2-ci Yelizavetta ilə görüş sizə necə təəssürat bağışladı?
- Bu, mənim İngiltərəyə ilk səfərim idi və iş elə gətirdi ki, birinci səfərimdə kraliçanın qəbulunda olduq. Görüş 5 dəqiqə müddətinə düşünülmüşdü, amma yarım saatdan artıq davam etdi. Kraliçaya "Cıdır düzü" adlı əsərimi hədiyyə etdim, o da rəsmi çox bəyəndi. Bu əsərdə aprel döyüşlərində ordumuzun qazandığı qələbədən ilhamlanıb Qarabağ qələbəsini təsvir etmişdim. Dağ başına sancılmış bayraq, Dilbaz atı üzərində xan qızı, Qarabağ atları, Xarıbülbül çiçəyi, çovqan oyununu göstərmişdim. Hətta kraliça soruşdu ki, bu polo oyunudurmu? Mən ona dedim ki, xeyr, bu, 12-ci əsrdə Azərbaycanda yaranmış çovqan oyunudur və 100 il öncə Avropa bunu bizdən götürərək dünyaya polo oyunu kimi təqdim edib. İndi də "Cıdır düzü" kraliçanın iqamətgahı olan Vindzor sarayında saxlanılır. Həmin görüşdən sonra bizə 2-ci Yelizavettanın adından Təşəkkürnamə məktubu da gəldi.
Açığı, kraliçaya hədiyyə olunacaq əsərin mövzusu haqqında heç nə deyilməmişdi. Mən qərara aldım ki, onun portretini çəkmək əvəzinə məhz Qarabağ qələbəsinə həsr olunan bir əsər yaradım. Qarabağ həqiqətlərini hamımız bilirik, ancaq ümumiləşmiş bir kompozisiya çəkən yoxdur. Mən bu mövzunu digər əsərlərimdə də göstərmişəm. Məsələn, Roma Papasının portretini çəkəndə onun otağında yerdə Qarabağ xalçasını, masasının üstündə isə Tövrat, İncillə yanaşı, Quranı da təsvir eləmişəm. Mənim Roma Papası ilə də görüşüm olub. Ancaq bilirsiniz, bunların hamısı insanlardır. Onlarla görüşmək də, danışmaq da olar. Bu, böyük bir qəhrəmanlıq deyil. Həyatda ən vacib olan Allaha yaxın olmaqdır. Düşünürəm ki, mən onu bacarıram. Qazandığım nailiyyətlərin hamısını Allah qismət edir. Biz insanın yaratdığına böyük dəyər verir, onu dahi adlandırırıq, Allahın yaratdığı insanı isə bəzən heç qiymətləndirmirik.
- Yaradıcı insan ilham pərisini gözləməlidirmi?
- Əgər rəssama istək gəldisə, o, çəkməlidir. Bu, ağ kağız da, karton da, divar da ola bilər. Bu, ilham pərisindən də çox insanın şəxsi istəyindən asılı bir şeydir. Bu istək sənin daxilində olmalıdır, sən onu oyandırmalısan ki, işləyəsən. Kətana sığal çəkirsən, boyaları qarışdırırsan və ilham pərin artıq gəlir. Hər adamın sevgisi necədirsə, ilham pərisi də elədir. Elə rəssam var ki, ilhama gəlir müharibə mövzusunda şəkillər çəkir, elə rejissor var dəhşətli filmlər çəkir, yaxud elə bəstəkar var ağır musiqi yazır. Bilirsiniz, gənc vaxtlarda insanda peşəkarlıq olmalıdır. O peşəkarlıq insanın ruhunu, ruh isə şəxsiyyəti oyandırır. Sonda şəxsiyyət filosofa çevrilir. Əgər şair qoca yaşında da 17 yaşında bulaq başında sevdiyi qız haqqında yazırsa, demək ki, hələ püxtələşməyib. Püxtələşmək üçün isə dünyanı dərk etmək lazımdır. Əvvəlcə bir qızı sevirsən, sonra o hissi öz övladına, ailənə ötürürsən, axırda isə bu, dünyaya sevgiyə çevrilməlidir. Bir sözlə, həyat özü insanı formalaşdırmalıdır.
- Övladlarınız və gəlinləriniz də rəssamdırlar. Bir ata və bir rəssam kimi onların işlərini necə qiymətləndirirsiniz?
- İstedad varsa, o gec-tez özünü biruzə verəcək. Övladlarım sevdikləri sənəti və sevdikləri insanları seçdilər. Sənət seçimində həm də evdə olan ab-havanın da böyük rolu var. Məsələn, hüquq mühafizə orqanlarında çalışan şəxsin ailəsindən rəssam çətin çıxar. Onlar öz övladlarını ancaq işlədikləri sahəyə yönəldə bilərlər. Mən gördüm ki, övladlarım istedadlıdırlar və mənim yolumu davam etdirməmək üçün heç bir səbəb yoxdur. Amma onların hansı səviyyəyə gedib çıxacaqlarını yenə də gələcək göstərəcək. Bilirsiniz, böyük bir ağacın altında şitillər çıxırsa, onlar çox böyüyə bilmir. Onları mütləq oradan çıxardıb başqa yerdə əkməlisən ki, böyüsünlər. Mənim övladlarımın da nə vaxtsa boy atmaqların, pöhrələnməklərin zaman göstərəcək. Amma onlar başqaları ilə müqayisədə daha məsuliyyətlidirlər, çünki mənim övladlarımdırlar. Onlar mənim qazandığım uğurlardan daha artıqlarını qazanmalıdırlar.
Birinci növbədə, mən onlara göstərdim ki, Azərbaycanda yaşaya-yaşaya dünyada ad-san qazanmaq, Baron, Cəngavər, Qraf titullarını almaq olar. Öz övladlarıma, tələbələrimə də həmişə deyirəm ki, dünya elə də böyük deyil. Texnologiya inkişaf etdikcə isə məsafə də azalır. İkinci növbədə isə həm öz övladlarıma, həm də tələbələrimə göstərdim ki, rəssam səfil kimi deyil, yaxşı yaşamalıdır. Sən dünyanı bəzəyib, özün lüt gəzə bilməzsən. Əgər ağıllısansa, kasıb olmamalısan. Çox adam düşünür ki, rəssama öləndən sonra qiymət verilir. Bu, əvvəllər belə idi. Artıq internet dövrüdür və sən internet vasitəsilə öz əsərini göstərə, sata bilərsən. Sənətkar o zaman xoşbəxtdir ki, onun yaradıcılığı sağlığında layiqli qiymətini alır.
- Yeri gəlmişkən, əsərlərinizi necə əldə etmək olar?
- Əsərlərimin çoxu həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində qalereyalar vasitəsilə satılır. Ancaq elə əsərlərim var ki, onları satmıram. Bilirsiniz, rəssamın fırçasından qızıl tökülməlidir. Mən heç bir rəssamın işini pisləyə bilmərəm. Əgər bir işdə zəhmət varsa, o, yaxşıdır. Hər kəs eyni cür çəkə bilməz. Sən bir rəssamı özünə örnək götürə bilərsən, lakin dünyaya onun gözüylə baxa bilməzsən. İnsan hər şeyi özü qazanmalı, həyatını özü qurmalıdır. Mənim elə işim olub ki, hərracda 250 min dollara satılıb. Ancaq vaxt olub ki, 50-100 manata əsər satmışam. Mənim üçün qiymət deyil, rəssamın şəxsiyyətinə olan sevgi ən böyük dəyərdir.
- Bəs Sakit Məmmədovun əsərlərinin pərəstişkarları arasında kimlər var?
- Patrisiya Kaas, Mirey Matye, Monika Belluççi, Ajda Pekkan, Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Bill və Hillari Klintonlar, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti Rafael Martinetti, Dünya və Avropa Karate Federasaiyasının prezidenti Antonio Espinos və adını çəkmədiyim bir çox başqa insanlarda mənim əsərlərim var. Mənim əsas məramım Azərbaycana xidmət etməkdir. İnsan vətənə sevgisini sözlə yox, əməli ilə göstərməlidir. Mən bu şüarla yaşayıram.
Buro 24/7