Bakıda təşkil olunan VII Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
1news.az-ın məlumatına görə, tədbirdə Azərbaycan və Rusiya tərəfindən sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib. İkitərəfli görüşlərdə iş adamları arasında əməkdaşlıq müzakirə edilib, yeni əlaqələr qurulub, bir sıra məsələlərə dair razılıqlar əldə olunub.
Forum çərçivəsində Azərbaycan və Rusiya arasında sənaye, aqrar, turizm və humanitar sahələrdə əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair dəyirmi masalar keçirilib.
Dövlət və özəl sektoru təmsil edən nümayəndələrin iştirakı ilə keçirilmiş “Sənaye: ikitərəfli əlaqələrin perspektivləri” mövzusunda Dəyirmi Masada Azərbaycan və Rusiyanın sənaye potensialı, bu sahədə fəaliyyət göstərən müəssisələr arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin sənaye müəssisələrinə və sənaye parklarına dair təqdimatlar keçirilib.
“Turizm sahəsində əməkdaşlığın inkişafı: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masada Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının və turizm şirkətlərinin nümayəndələri iştirak edib. Dəyirmi masada hər iki ölkənin turizm potensialı və bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat verilib, əməkdaşlıq perspektivləri müzakirə edilib, Rusiya və Azərbaycan regionlarının turizm potensialına dair təqdimatlar keçirilib.
“Aqrar sahədə əməkdaşlığın genişləndirilməsinin başlıca istiqamətləri” Dəyirmi Masasında hər iki ölkənin kənd təsərrüfatı sahəsində təcrübəsinə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalara və yeniliklərə, aqrar məhsulların keyfiyyətinin artırılmasına, ixracın genişləndirilməsinə, əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb, logistikanın inkişafının hər iki tərəf üçün əhəmiyyəti vurğulanıb, kənd təsərrüfatının müxtəlif sahələri üzrə ixtisaslaşmış Azərbaycan regionlarının potensialına dair təqdimatlar keçirilib. Dəyirmi Masada müvafiq dövlət orqanlarının, aqrar sahədə ixtisaslaşmış şirkətlərin və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
“Humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi” üzrə Dəyirmi Masada təhsil, elm, mədəniyyət və idman sahələrində layihələrin həyata keçirilməsi, hər iki ölkənin ali təhsil müəssisələri və gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi, humanitar sahədə əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub, hər iki ölkənin humanitar sahədə təcrübəsini, bu sahədə qazanılmış uğurları əks etdirən, eləcə də təhsil proqramlarına dair təqdimatlar keçirilib.
Dəyirmi Masada elm və təhsil müəssisələrinin, eləcə də mərkəzi icra hakimiyyətlərinin və humanitar sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib, çıxışlar dinlənilib.
1news.az