Balaca Davudun həyatında xoşbəxt sonluq üçün yeni imkan yaranıb.
Belə ki, onun keçdiyi çətin müalicənin davam etdirilməsi üçün 60500 dollar toplanması lazımdır. Davudun ailəsi ilə xaricdə yaşayan həmvətənlərimizdən biri əlaqə saxlayaraq bütün xərcləri öz üzərinə götürdüyünü bildirib.
Bu haqda Həmzəyevlər ailəsi Facebook səhifəsində qeyd edir:
“Əziz dostlar,
Davudla bağlı məqaləni dərc edərkən anlayırdıq ki, bu məbləği toplamaq asan olmayacaq. Belə ki, bizim çox az zamanımız var. Ən kiçik gecikmə Davudun həyatını təhlükəyə ata bilər.
1news.az saytında dərc edilən məqalədən sonra bizimlə Murad Babayev əlaqə saxladı. O, məqaləni oxuduqdan sonra facizəmizi Emin Ağalarova bildirib.
Bu gün isə Eminin adından Davudun bütün müalicə xərclərini ödəyən məbləğ təqdim edilib. Bu çətin anda dərdimizə şərik olan Emin və Murada dərin təşəkkürümü bildirimək istəyirəm. Bütün xərcləri öz üzərinə götürən Eminə də minnətdaram.
İlk gündən bizə yardım edərək Murad və Eminlə əlaqə saxlamaqda köməklik göstərən 1news.az saytı və onun baş redaktoru Rəhman Hacıyevə təşəkkürümü bildirirəm.
Bizə yardım edən hər bir kəsə minnətdaram. İnsanlığınız və geniş qəlbinizə görə də çox sağ olun. Sizlərin köməyi olmadan hər şey başqa cür ola bilərdi.
Bizim çox xeyirsevər xalqımız var. Biz bunun bir daha şahidi olduq. Xalqımız hətta ən çətin anda belə kömək etməyə hazırdır. Buna görə hər birinizə minnətdaram.
Çox ümid edirik ki, hər şey yaxşı olacaq.
Hörmətlə,
Həmzəyevlər ailəsi”.
Öz növbəmizdə isə biz, 1news.az redaksiyası olaraq balaca Davudun tezliklə sağalmasını, Həmzəyevlər ailəsinə isə sevinmək üçün daha çox səbəbləri olmasını arzu edirik!
1news.az