Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
1news.az-ın məlumatına görə, artıq bu yarış UCİ-ın 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim plana daxil edilib.
Veloturun məhz bu tarixlərdə keçirilməsi mayın 12-22-də Azərbaycanın qəbul edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunları ərəfəsində dünya idman ictimaiyyətinin diqqətini bir daha ölkəmizə yönəltmək üçün gözəl imkandır.
Xatırladaq ki, Bakı-2015 İlk Avropa Oyunları öncəsi təşkil olunan “Tour d`Azerbaidjan” veloyürüşünün marşrutu da məhz Oyunların keçirildiyi idman qurğularını təbliği baxımından mühüm əhəmiyyət kəsb edirdi.
UCİ-ın təqvim planında nüfuzuna görə dünya çempionatı və Dünya Kubokundan sonra gələn, növbəti il oktyabrın 1-də Azərbaycanda keçiriləcək dağ velosipedi üzrə HC (High-Class) kateqoriyalı "Champion-Race Azerbaijan" beynəlxalq yarışı da yer alıb.
1news.az