Autik spektrin pozuntusu (ASP) son vaxtlar alimlərin diqqətini daha çox cəlb edir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumatına əsasən, bu xəstəlik müxtəlif amillərlə, o cümlədən genlə, iltihabla, mikrobiomun müəyyən vəziyyəti ilə bağlı ola bilər. Oğlanlar autizmə qızlardan təxminən dörd dəfə çox tutulurlar.
Eyni genetik mutasiya simptomlarında autizm qızlarda özünü daha az göstərir. Adətən hesab edilir ki, ASP olan uşaq insanlarla ünsiyyət qurmağa can atmır, göz-gözə baxmaqdan çəkinir, habelə oyuncaq maşınlarla oynamaya bilər, yaxud onları özünəməxsus qayda ilə bir cərgəyə düzə bilər. Lakin alimlər müşahidə ediblər ki, qızlarda sosial vərdişlər daha yaxşı inkişaf edib, hətta autizm aşkar edilmiş qızlar özlərini fərqli apara bilir və stereotipləri dağıdırlar. Onlar sanki autik spektr pozuntusunu pərdələmiş kimi davranırlar.
Corc Vaşinqton Universitetindən autizm üzrə tədqiqat aparan Kevin Pelfri bildirib ki, onun öz qızına ilkin əlamətlər meydana çıxdıqdan 4 il sonra autizm diaqnozu qoyulub. Qız 3 yaşınadək nə gəzib, nə danışıb, lakin hər zaman hamı ilə mehriban olmağa çalışıb. Kevin Pelfrinin fikrincə, əgər uşaq oğlan olsaydı, əlamətlər daha aydın görünərdi və ata mütəxəssisə daha tez müraciət edərdi. Elmi tədqiqatlar göstərir ki, hətta autizm diaqnozu qoyulmuş qızlarda beynin sosial qarşılıqlı əlaqəni idarə edən şöbələri xeyli az pozulub. Sinay dağında İkan Tibb Məktəbinin direktoru Cozef Baksbaum bildirib ki, qızlarda xəstəliyin özünü göstərməsi üçün onların orqanizmi oğlanlarla müqayisədə genetik pozuntudan iki dəfə çox əziyyət çəkməlidir. Hazırda alimlər bunun səbəbini araşdırırlar: ola bilsin ki, bəzi qızlarda hansısa müdafiə amili, o cümlədən protein və ya digər biomarker var ki, bundan yeni terapiya növlərinin yaradılmasında istifadə edilə bilər.
Keçən ildən bəri həyata keçirilən “Autism Sisters” layihəsi çərçivəsində alimlər oğlan övladlarının autizm, qızların isə sağlam olduğu ailələri axtarır və onları analiz vermək üçün Nyu-Yorka dəvət edirlər. Götürülən analizlərdən elmi axtarışlarda istifadə ediləcək.
1news.az