Avstriyanın Lints şəhərində karate üzrə dünya çempionatı davam edir.
1news.az-ın məlumatına görə, Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində karateçilərin dünya çempionatının finalına yüksəliblər.
Kolumbiya, Serbiya, Argentina və Gürcüstandan olan rəqiblərinə qalib gələn A.Mamayev yarımfinalda fransalı idmançını məğlub edib. Finalda onun rəqibi yaponiyalı karateçi olacaq.
Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistandan olan rəqiblərini məğlub edən R.Ağayev isə yarımfinalda iranlı idmançıya qalib gəlib. 4 qat dünya və 13 dəfə avropa çempionu final uğrunda həlledici görüşdə sifətindən zədə alsa da sonadək müvbarizə apararaq qələbəni əldə edib. 5-ci dünya çempionluğu uğrunda o, misir idmançısı ilə görüşəcək.
Digər idmançımız Asiman Qurbanlının finala yüksəlmək şansı olsa da gənc perspektivli idmançı Honq Konq, Ukrayna və tanınmış Almaniyalı karateçini məğlub etdikdən sonra Bosniya və Herseqovina təmsilçisinə uduzub. Rəqib növbəti mərhələni adlaya bilmədiyindən A. Qurbanlı təsəlliverici görüşlərə qatılmaq şansını da itirib. Mütəxəssilər ilk dəfə dünya çempionatına qatılan Aisman Qurbanlının çıxışlarını yüksək qiymətləndiriblər.
Qadınlardan İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq), kata yarışlarında isə Roman Heydərli ilə Neda Rezai mükafatçılar sırasına düşə bilməyiblər. Böyüklər arasında Avropa üçüncüsü olan 17 yaşlı R. Heydərov 3-cü görüşdə buraxdığı səhv üzündən rəqibinə 1 xal fərqi ilə yenilib. İ. Zaretska isə hakimlərin qərəzli qərarının qurbanı olub.
Qeyd edək ki, bu gün milli komandanın digər üzvləri fərdi yarışlara qatılacaq. Onlar həmçinin komanda yarışlarında mübarizə aparacaqlar.
Rafael Ağayevin erməni Seryoja Sarkisyana qalib gəldiyi videonu təqdim edirik:
1news.az