Araşdırmaçı-jurnalist, Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” adlı kitabı çapdan çıxıb.
1news.az-ın məlumatına görə, kitabda müəllifin 10 ildən artıqdır ki, diasporla bağlı müxtəlif KİV-də çap olunan 173 müsahibə yer alıb.
Dünyanın müxtəlif ölkələrində yaşayan aktiv soydaşlarımızdan və həmvətənlərimizdən alınan bu müsahibələr müxtəlif vaxtlarda dərc olunub.
“Biz qəlbini, ruhunu diaspor işinə sərf edən və məşhur bir ifadədə deyildiyi kimi, “Vətən üçün nə etməli?” amalı ilə yaşayan soydaşlarımızı “Dünya azərbaycanlılarının palitrası” kitabında bir yerə toplamağa və eyni məqsədə sövq etməyə çalışmışıq. Bu, həmçinin dünya azərbaycanlılarının bir-birlərini tanıması, əlaqələrinin qurulması və həmrəyliyi üçün yeni töhfədir...”, - deyə Fuad Hüseynzadə kitabın müqəddiməsində qeyd edir.
“Diaspor fəaliyyəti könül işidir”, “Diasporumuzdakı jurnalistlər”, “Xaricdəki gənclərimiz” və “Azərbaycanın əcnəbi dostları” adlı dörd fəsildən ibarət olan kitabın Bakıda və bir neçə xarici ölkədə təqdimatı nəzərdə tutulub.
Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Namiq Əliyev, məsləhətçi isə tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlıdır.
Kitaba ön sözü AMEA Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov yazıb.
1news.az