Bu ilin 31 oktyabr - 5 noyabr tarixlərində Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində II Azərbaycan Elm Festivalı keçiriləcək.
1news.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə baş tutacaq tədbirin açılış mərasimi oktyabrın 31-də saat 10:30-da AMEA-nın Əsas binasının Dairəvi zalında baş tutacaq.
Festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş etdiriləcək. Gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr, cəlbedici elmi şoular, Akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur.
Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri, eləcə də Akademiyanın institut və təşkilatları öz elmi nəticələrini nümayiş etdirəcəklər.
Festivalda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər qurumlardan rəsmi qonaqlar iştirak edəcəklər.
1news.az