Noyabrın 15-də Moskvada, Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərgi açılacaq. Bu barədə “Vestnik Kavkaza” agentliyinə qalereyanın baş direktoru Zemfira Trequlova məlumat verib.
Z.Trequlovanın sözlərinə görə, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Fondunun və Mərcani Fondunun dəstəyi ilə keçiriləcək sərgi Tretyakov qalereyasında, Azərbaycan Milli Muzeyində, şəxsi kolleksiyalarda saxlanılan əsərləri bir ekspozisiyada birləşdirəcək.
Sərgidə 13 Azərbaycan rəssamının, o cümlədən Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Rasim Babayev, Səttar Bəhlulzadə, Cavad Mircavadov, Toğrul Nərimanbəyov, Tahir Salahovun, habelə heykəltəraş Fazil Nəcəfovun 60-dan çox əsəri nümayiş etdiriləcək.
Zemfira Trequlova, həmçinin vurğulayıb ki, Tretyakov qalereyası sovet dövrü Rusiya rəssamlarının əsərlərinin Bakıda sərgisini keçirməyə hazırdır. O deyib:
“Bakı olduqca maraqlı mədəniyyət mərkəzidir. Burada gözəl muzeylər və müasir incəsənət mərkəzləri var. Bakıda çevik incəsənət mühiti hökm sürür və biz məmnuniyyətlə Azərbaycanda sərgi təşkil etmək istərdik”.
AZƏRTAC