Təhsil Nazirliyi və “1News.az” İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Cəmil Muradovdur.
Cəmil 1997-ci ildə Bakıda anadan olub. Bakı Avropa Liseyini qızıl medalla bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olub. Bir ildən sonra isə təhsilini davam etdirmək üçün Kanadanın Kuins Universitetini (Queen’s University) seçib. Hazırda həmin universitetdə biokimya ixtisası üzrə təhsil alır.
- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?
- Şimali Amerika tibbin həddən artıq sürətlə inkişaf etdiyi bir yerdir. Etiraf etmək lazımdır ki, bu sahə digər regionlardan daha inteqrativ, innovativ və əhalinin ehtiyaclarını ödəmək üçün zəngin potensiala malikdir. Tibb mütəxəssisləri təkcə öz sahələri üzrə yox, həm də psixososiologiya, iqtisadiyyat və hüquq sahələri üzrə təhsil alırlar. Burada yüksək bakalavr qiymətləri, qəbul imtahan nəticələrinin yüksək olmasından başqa, namizədlərdən emosional yetkinlik, psixoloji sabitlik və soyuqqanlı olmaq tələb olunur. Hər namizəd öz universitetinin görkəmli professorları ilə dissertasiya elmi işini hazırlayıb, “şərəfli bakalavr” adını almalıdır. Bu cür təhsil sistemi məni cəlb etməyə bilməzdi. Bütün bunlar məni peşəkar mütəxəssis olmağa aparan yoldur.
- Niyə məhz bu ixtisası seçdiniz?
- Cavabım oxucularımıza məğrurluq kimi görünməsin, lakin, mən özümdə tibbi elmləri və kliniki tibbi qavramaq üçün potensial görmüşəm və bu elmi dərindən öyrənməyə görə məsuliyyətliyəm. Həmin məsulliyyətim isə peşəmi dərindən bilmək, ən yeni texnologiyaları ölkəmdə tətbiq etməkdir. Qazandığım biliklər sayəsində hətta həmin texnologiyalardan da üstün innovasiyalar yaratmaq, ölkəmizin aparıcı elmi dövlətlərin arasına çıxmasına şəxsi töhfəmi verməkdir.
- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?
- Bu universitetdə təhsil almağa başlamazdan əvvəl bir il Azərbaycan Tibb Universitetində təhsil almışam. Arzu edərdim ki, orada təhsil tələbələrin ehtiyaclarına daha praktiki və innovativ bilgilərin inteqrasiyası əsasında qurulmuş olsun.
- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız?
- Mənim ixtisasım üzrə burada təhsil alan ilk azərbaycanlı olduğum üçün birinci kursun ilk həftəsində tələbə yığıncağında çıxış üçün mənə söz verilmişdi. Tələbələrin çoxu ölkəmiz haqqında məlumatlı olsalar da, məndən Azərbaycan haqqında daha çox informasiya alıb, bəzi şeyləri səhv bildiklərini dedilər. Keçən ilin sonunda mən ümumi sayı 3% olan universitetin ən güclü tələbələri siyahısına daxil olmuşam və ölkəmizin bayrağı fakültənin rəsmi səhifəsinə yerləşdirilib. Bu il mən ilk xarici tələbə kimi Kuins bakalavrlarının elmi jurnalına (Queen’s Science Undergraduate Journal) icraçı redaktor (managing editor) seçilmişəm.
- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?
- Tələbələr artıq cəmiyyətin məsuliyyətli üzvləri sayılır. Ona görə müəllimlər və təhsil alanlar bir-birinə qarşı çox böyük hörmət və qayğı ilə yanaşır. Tələbələrin bir çoxu öz proqramlarında dərs deyən professorların laboratoriyaları, ofislərində çalışır, beləliklə, təcrübə qazanmış olurlar.
- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?
- Burada xarici və yerli tələbələr arasında heç bir fərq yoxdur. Heç kim özünü yad yerdə hiss etmir.
- Çətinlikləriniz varmı?
- Ən böyük çətinlik akademik üstünlüyü qorumaqdır. Eyni zamanda dərsdənkənar layihələrlə məşğul olmaq istəyirəm. Ancaq vaxt azlığından bəzən bunu reallaşdıra bilmirəm.
- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?
- Bəzən futbol oynayıram. Çox vaxt anatomiya laboratoriyasında doktor Lesli MacKenzi ilə çalışıram.
- Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir?
Magistraturanı bitirib, dünyanın aparıcı universitetlərindən birində tibb sahəsində təlim keçmək istəyərdim. Sonra Azərbaycana qayıdıb, ölkəmizin tibb sahəsində çalışmaq arzusundayam. Dövlət Proqramı sayəsində mənim Kanadanın ən nüfuzlu ixtisası üzrə təhsilim gələcəkdə Amerikanın tibbi məktəblərinin birində də davam etməyə yol açır. Bakalavriat dərəcəsini alandan sonra, tibbi məktəbdə təhsilimi bitirmək, sonra isə Azərbaycana qayıdıb, vətənimə, xalqıma, Harvard, Stenford, MakGil universitetlərinin nümayəndələri ilə birgə işləyən, görkəmli, dünya əhəmiyyətli elmi layihələrinin müəlliflərindən dərs almış bir mütəxəssis kimi xidmət etmək ümidindəyəm.
- Azərbaycan gənclərinə, dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?
- Yaşadığım müddət ərzində lazımı qədər həyat təcrübəm olmadığına görə, onlara hər hansı bir tövsiyə verməkdən çəkinərdim. Lakin, arzu edərdim ki, gənclər mütaliə etsin. Kitab qədimdən bu günə qədər olan ən faydalı bilik mənbəyidir. Fikrimcə, gənclər üçün yazılan həyat dərsliyidir. Mənim üçün Azərbaycan ədəbiyyatını da diqqətlə öyrənmək çox önəmlidir.
1news.az