Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi ABŞ-ın Los-Anceles şəhərində keçirilən Asiya Filmləri Dünya Festivalı çərçivəsində nümayiş etdirilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan 1news.az-a verilən məlumata görə, təqdimatda Hollivud kino sənayesinin tanınmış nüymayəndələri, Oskar və Emmi mükafatçıları və nominantları, müxtəlif kino prodüserləri, rejissorlar, aktyorlar və digər şəxslər iştirak ediblər.
Baş konsulluqdan bildirilib ki, “Əli və Nino” filminin nümayişinə olan böyük ictimai maraq, festival təşkilatçılarının ikinci kinozalı açaraq, tamaşaçıların ixtiyarına verməsinə səbəb olub. Filmdəki “Əli” rolunun ifaçısı Adam Bakri nümayişdə iştirak edib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Azərbaycanın yaxın tarixi, o cümlədən 20-ci əsrdə iki dəfə müstəqilliyini əldə etməsi, müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurması və qadınlara ABŞ-dan da öncə səsvermə hüququ verməsi barədə danışıb.
“Əli və Nino” əsərinin yüksək tarixi və mənəvi dəyərlərindən danışan diplomat bildirib ki, bu əsər nəinki iki gəncin ülvi məhəbbətindən, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən və ölkənin qədim tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edir. Əsərin yüksək ustalıqla ekranlaşdırıldığını qeyd edən baş konsul, belə bir möhtəşəm film layihəsinin ərsəyə gəlməsinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın hərtərəfli dəstəyinin nəticəsində mümkün olduğunu bildirib.
Qeyd edək ki, Kaliforniyada işçi səfərdə olan Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadə və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev də nümayişdə iştirak ediblər.
1news.az