"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri Bakı şəhərində "Hər ay bir gün” adlı növbəti aksiyanı Şəhidlər Xiyabanında həyata keçiriblər.
1news.az xəbər verir ki, Birliyin sədri Sevinc Əzimbəyli "Şərq”ə açıqlamasında bu aksiyanın davamlı olaraq "Yeni Üfüq”ün gəncləri tərəfindən reallaşdırıldığını deyib:
“Gənclər bu aksiyanı təkcə Şəhidlər Xiyabanında keçirməklə kifayətlənmir. Onlar "Hər ay bir gün” adlı aksiya çərçivəsində ayda bir dəfə qəhrəman şəhidlərin yaşadıqları binalara vurulmuş şəhid lövhələrini və lövhələrin ətrafını təmizləyirlər. Gənclərimiz milli qürurumuz olan qəhrəman şəhid övladlarına münasibətdə biganə olmadıqlarını nümayiş etdirirlər”.
S.Əzimbəylinin sözlərinə görə, bu kampaniyanın əsas məqsədi ölkəmizdə milli-vətənpərvərlik duyğularının gənclər arasında yüksəlişinə nail olmaq və şəhid doğmalarına cəmiyyətin biganə qalmadığını nümayiş etdirməkdir:
"Onu da deyim ki, aksiyalarımız kifayət qədər effektiv olur. Belə ki, Birliyin gəncləri şəhid məzarlarını, lövhələrini təmizlədiyi zamanlar istər-istəməz onların bu addımı diqqət çəkir və ətrafdakı digər gənclər də bu aksiya ilə maraqlanırlar. Bəzi hallarda isə gənclər də Birlik üzvlərinə qoşulub, Xiyabanda təmizlik aparırlar. Bizim gənclərin "Hər ay bir gün” aksiyası ilə bağlı videoçarxları da var”.
Yaxın Şərqdə baş verən qanlı terror hadisələrində bəzi ölkə gənclərinin alətə çevrilməsinin olduqca üzücü və təəssüfləndirici olduğunu vurğulayan Birlik sədri deyib ki, "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri bu aksiya vasitəsilə həmin yad düşüncəli "gənclərə” bir növ xatırlatma edir ki, Qarabağ boyda faciəsi olan hər bir gəncin cihad yeri da məhz Qarabağ olmalıdır:
"3 ilə yaxındır ki, bizim layihəmiz davam edir. Elə layihənin davamlı olmasının özü də gənclərimizin şəhidlərimizə nə qədər bağlı olmasının göstəricisidir. Millətini, dövlətini, bayrağını sevən hər bir gənc şəhidinə də sahib çıxmalıdır”.
1news.az