Bakı Ali Neft Məktəbi (BANM) və İtaliyanın Maire Technimont Qrupu ilə əməkdaşlıq haqqında razılaşma imzalanıb.
1news.az-a BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, tədbirdə Maire Tecnimont Qrup Şirkətinin birinci vitse prezidenti Gianni Bardazzi, Maire Tecnimont Qrupun podratçısı Kinetics Technology şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Heilpern, o cümlədən şirkətin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları, İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo, BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq Ali Məktəblə sözügedən şirkət arasında əldə olunan razılaşmanın BANM-də yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsi məqsədi daşıdığını bildirib. O, deyib ki, bu əməkdaşlıq sayəsində BANM-in tələbələri şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirak imkanı qazanacaqlar. Eyni zamanda, Elmar Qasımov şirkətin dəstəyi ilə BANM-in kampusunda ixtisaslaşdırılmış tədris laboratoriyasının yaradılmasının da nəzərdə tutulduğunu vurğulayıb.
Maire Tecnimont Qrup Şirkətinin birinci vitse prezidenti Gianni Bardazzi və Maire Tecnimont Qrupun podratçısı Kinetics Technology şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Heilpern təmsil etdikləri şirkət haqqında geniş təqdimatla çıxış etdilər və şirkətin müvafiq sahələrdə BANM-lə əməkdaşıq imkanlarından söz açıblar.
Sonra tərəflər arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Qeyd edək ki, İtaliyanın “Maire Tecnimont S.p.A” (Mare Teknimont) şirkətlər qrupu mühəndislik, tikinti, texnologiyalar, lisenziyalaşdırma, energetika və karbohidrogenlər sahəsidə ixtisaslaşmış aparıcı şirkətlərdəndir. Milan Fond Birjasında yer alan bu şirkət 30-dan artıq ölkədə nümayəndəliyə malikdir, 45-dən artıq şirkətə nəzarət edir, ştatı isə təxminən 4900 nəfərdən ibarətdir. Şirkət həmçinin müştərilərini müxtəlif növlü zavodların tikintisi üçün xüsusi texnologiyalarla təmin edir. Maire Techimont Qrupu beynəlxalq müştərilərinə neft-qaz, neft-kimya və gübrə sənayeləri üçün mühəndislik və tikinti üzrə kompleks xidmətlər təklif edir.
5 fevral 2016-cı il tarixində SOCAR beynəlxalq seçmə müsabiqəsi nəticəsində "Maire Tecnimont" şirkəti ilə Yüksək Sıxlıqlı Polietilen zavodu layihəsinin həyata keçirilməsi çərçivəsində mühəndislik, təchizat və tikinti üzrə müqavilə imzalanıb. Şirkətlər Qrupu Azərbaycanda KT - KINETICS TECHNOLOGY (Kinetiks Teknoloci) şirkəti vasitəsi ilə fəaliyyət göstərir. Bu şirkət mühəndislik, təchizat və tikinti xidmətləri göstərir və əsasən karbohidrogenlərin emalı sənayesi üzrə ixtisaslaşmışdır. Əsasən kükürd emalı, qaz, hidrogen və sintetik qazların emalı, texnoloji qurğular, qızdırıcılar sahəsində təcrübəyə malikdir.
1news.az