Bakı Ali Neft Məktəbində (BANM) BANM və ABB şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
1news.az-a BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, tədbiri açan BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin müxtəlif beynəlxalq şirkətlərlə qurulan əməkdaşlığı haqqında danışıb.
O, yaxın dövrdə BANM-in ən müasir tələblərə cavab verən kampusunda Ali Məktəbin əməkdaşlıq etdiyi şirkətlərin laboratoriyaları və mərkəzlərinin fəaliyyət göstərəcəyini dedi. Elmar Qasımov BANM-in əməkdaşlıq etdiyi şirkətlərdə, o cümlədən SOCAR-ın müəssisələrində Ali Məktəbin tələbələrinin hər il təcrübə keçdiklərini vurğulayıb. BANM-in ildən-ilə müxtəlif beynəlxalq və yerli neft-qaz, o cümlədən kimya sənayesi və avtomatika üzrə şirkətlərlə əlaqələrinin daha da artdığını və hər bir əməkdaşlığın məhz tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsi və onların gələcək karyerasında bir stimul olduğunu bildirib.
BANM-də olmasından məmnunluq bildirən ABB şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rüstəm Qasımov iki qurum arasında əməkdaşlıqdan söz açdı və bu ali təhsil ocağı ilə şirkətin əlaqələrinin dinamik inkişafından danışıb. O, təmsil etdiyi şirkətlə BANM arasında uğurlu ikitərəfli əməkdaşlığın mövcudluğunu bildirib.
Sonra Bakı Ali Neft Məktəbi ilə ABB şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Qeyd edək ki, 1988-ci ildə təsis edilmiş və baş ofisi Sürix şəhərində yerləşən ABB şirkəti elektrotexnologiyalar və avtomatika sahəsində aparıcı şirkətlərdən biri olaraq dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Şirkət 145.000 nəfərdən artıq işçiyə sahibdir.
Tədbirdə İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Philipp Stalder, ABB şirkətinin Neft, qaz və kimya üzrə baş meneceri Martin Qreydi iştirak edirdilər.
1news.az