Şimali Kiprin Girnə şəhərində Türk Dünyası Həmrəylik Dərnəyi və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunan Türk Dünyası I Gənclər Forumu “Akademik və texnoloji iş birliyi” və “Çağdaş türk ədəbiyyatının öyrənilməsi və yaşadılması” mövzularında panellərlə başa çatıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumatına əsasən, “Akademik və texnoloji iş birliyi” panelinə professor Aygün Əttar, “Çağdaş türk ədəbiyyatının öyrənilməsi və yaşadılması” mövzusunda müzakirələrə isə Nazim Muradov sədrlik edib. Panellərdə Azərbaycan Milli Məclisinin deputatı Mahir Abbaszadə, “Naxçıvan” Universitetinin iqtisadiyyat fakültəsinin dekanı Ceyhun Mahmudov, Türkiyədən ədəbiyyatçı alim Osman Yıldız, o cümlədən panel sədrləri və başqaları çıxış ediblər.
Çıxışlarda türk dünyası gənclərinin Şimali Kiprdə toplanması tarixi hadisə kimi dəyərləndirilib. Türkdilli xalqların tarixinin, mədəniyyətinin, ədəbiyyatının, dövlətçilik ənənələrinin qarşılıqlı olaraq öyrənilməsinin, ali məktəblər arasında tələbə mübadiləsinin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasının vacibliyi qeyd olunub.
Sonra suallar cavablandırılıb, türk dünyasının həmrəyliyinə həsr olunan şeirlər söylənilib.
Forumun qəbul etdiyi qətnamədə Girnədəki müzakirələr yüksək qiymətləndirilib, türk dünyası gənclərinin parlamentinin yaradılması, vahid sosial şəbəkənin qurulması, ali məktəblər üçün ortaq dərsliklərin hazırlanması kimi məsələlər öz əksini tapıb.
1news.az