Bu gün gecə İraqın baş naziri Heydər əl-Ebadi ölkə televiziyası vasitəsi ilə Mosul şəhərinin İŞİD-dən təmizləmə əməliyyatının başlanıldığını bəyan edib.
1news.az-ın Anadolu Ajansı-na istinadən verdiyi məlumatına əsasən, H. əl-Ebadi şəhərə yalnız ordu və polis güclərinin girəcəyini açıqlamışdı.
Öz çıxışında İraqın baş naziri Mosul əhalisini ordu qüvvələrinə kömək etməyə çağırıb.
Əməliyyatda ordu ilə birlikdə yerli kürd Peşmərgə gücləri, Türkiyənin hazırladığı Nineviya Mühafizləri və şiə güclərindən ibarət “Şabi” qrupu iştirak edir.
Peşmərgə və ABŞ gücləri şəhərdən 40 kilometr uzaqlıqda yerləşən Zerdek dağından və Hasanşam kəndindən Mosulun mərkəzini artilleriya atəşinə tutublar.
İŞİD üzvlərinin isə artilleriyanı hədəflərlə təmin edən koalisiyaya aid təyyarələrinin görüntüsünü məhdudlaşdırmaq üçün şəhərin bir çox yerində lastik təkər yandırdıqları qeyd edilir.
Hal-hazırda Peşmərgə gücləri Hamdaniye və Bartilla yolunun üstündə yürləşən Tercele, Başara, Kiçik Bedene, Böyük Bedene, Kebervi, Baskelan və Şeyx Emir kəndlərini İŞİD-dən azad edib.
Bundan əlavə, Mosul və Ərbili briləşdirən əsas yolun da Peşmərgənin əlinə keçdiyi qeyd edilir.
1news.az