Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, cari ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 11330,3 milyon ABŞ dolları təşkil edib.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat veriblər.
Məlumata görə, ticarət dövriyyəsinin 5790,3 milyon dollarını və ya 51,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 5540,0 milyon dollarını (48,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 250,3 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 12,3 faiz, o cümlədən ixrac 15,7 faiz, idxal isə 7,1 faiz azalıb.
Ticarət dövriyyəsinin 36,9 faizi Avropa İttifaqı ölkələrinin, 14,9 faizi MDB üzvü ölkələrinin, 48,2 faizi isə digər ölkələrin payına düşüb.
İdxalın ümumi dəyərinin 28,0 faizi Avropa İttifaqı ölkələrinin, 23,4 faizi MDB üzvü ölkələrinin, 48,6 faizi isə digər ölkələrin payına düşüb.
İxracın ümumi dəyərinin 45,5 faizi Avropa İttifaqı ölkələrinin, 6,7 faizi MDB üzvü ölkələrinin, 47,8 faizi isə digər ölkələrin hesabına formalaşıb.
1news.az