Azərbaycanda qurbağa ətinin istehsalına başlanılıb.
1news.az-ın AzVision.az-a istinadən verdiyi xəbərə görə, ölkəmizdə ilk dəfə olaraq bu sahədə biznes quran sahibkar “Azərifrog” MMC adı ilə 2015-ci ildən qeydiyyata düşən şirkətin rəhbəri Rauf Hüseynzadədir.
Uzun müddətdir Fransada yaşayan R.Hüseynzadə qurbağa biznesinə başlamasının səbəbini bu cür izah edib:
“Azərbaycan Dövlət Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-red) bitirmişəm. Daha sonra Fransanın Nantes şəhərində eyni adlı universitetin MBA üzrə magistraturasında təhsil almışam. 8 ildən çoxdur ki, Fransada yaşayıram. Orada günlərin bir günü restoranda yemək yeyəndə qurbağa əti mənə maraqlı gəldi. Öyrəndim ki, Fransada qurbağa əti zənginlərin süfrəsində yer alır. Bundan sonra bu sistemi Azərbaycanda qurmaq qərarına gəldim”.
Rauf Hüseynzadə qurbağa ferması yaratmaq üçün Braziliyadan Azərbaycana xüsusi növ yumurtalar gətirdiyini deyib: “Bu işə başlamazdan öncə kurslara gedib, qurbağa haqqında çoxlu məlumatlar əldə etdim. Bu ideyanı Azərbaycanda həyata keçirmək üçün şirkət açmışam. Hazırda dünyanın 3 ölkəsinə Fransa, İspaniya və Çinə qurbağa əti ixrac edirəm. Qurbağanın dərisindən kosmetik vasitələrdə istifadə edilir. Əti isə delekates kimi yeyilir”.
Şirkət rəhbəri qeyd edib ki, yaxın günlərdə Fransa və İspaniyaya 10 ton qurbağa əti göndəriləcək. Onun sözlərinə görə, xüsusi növ qurbağa ətinə təlabat çoxdur.
1news.az