İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu.
Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökuməti və xalqına inkişaf və çiçəklənmə arzu edirik”.
Bundan əlavə, Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevə təbrik məktubu göndərib:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Sizə və Sizin şəxsinizdə bütün dost Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı yetirməyi özümə şərəf sayıram.
Müstəqillik illərində Sizin ölkənizin siyasi, iqtisadi və sosial sahələrdə qazandığı uğurları, habelə ölkələrimiz arasında yaranmış hərtərəfli münasibətlərin yüksək inkişaf səviyyəsini qeyd etməkdən fərəh duyuram. Əminəm ki, dövlətlərarası dialoqun daha da genişləndirilməsinə və dərinləşdirilməsinə Türkmənistanın və Azərbaycanın daim sadiq olması xalqlarımızın mənafelərinə uyğundur.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz həyat enerjisi və xoşbəxtlik arzu edirəm. Xahiş edirəm, dost Azərbaycan xalqına mənim ürəkdən gələn sülh, tərəqqi və firavanlıq arzularımı çatdırasınız”.
Həmçinin Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, Baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov da İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az