Artıq 8 ildir Türkiyədə fəaliyyət göstərən SOCAR qardaş ölkənin ən böyük xarici investoru olub.
1news.az-ın SOCAR-a istinadla verdiyi xəbərə görə, bunu oktyabrın 10-da İstanbulda 23-cü Dünya Enerji Konqresi zamanı SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
100-dən çox ölkəni və 3 mindən çox təşkilatı əhatə edən Dünya Enerji Şurasının təşəbbüsü ilə keçirilən bu mötəbər tədbirdə əsas məqsəd enerji qaynaqları ilə zəngin olan ölkələri bir araya gətirmək, yeni nəsil enerji mənbələrinin müəyyən edilməsi və bərpa olunan enerji mənbələrindən istifadənin qarşıda duran əsas hədəflərdən biri olduğunu vurğulamaqdır.
“Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən konqresdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev də çıxış edib:
“Beynəlxalq əməkdaşlığın güclənməsi, davamlı iqtisadi artıma nail olmaq, texnoloji innovasiyalara yiyələnmək üçün qısa, orta və uzunmüddətli konsepsiyalar ortaya qoymaq lazımdır. SOCAR sadəcə neft və qaz layihələri ilə kifayətlənmir. Şirkət təmiz enerji alternativləri üzərində çalışır, bu istiqamətdə külək enerjisi stansiyası layihəsi, eyni zamanda nəqletmə və logistika sahəsində də bir sıra mühüm layihələrin həyata keçirir”.
Rövnəq Abdullayev bildirib ki, artıq 8 ildir Türkiyədə fəaliyyət göstərən SOCAR qardaş ölkədə ən böyük xarici investor olmasını təmin edib.
İnvestisiya zəncirinin ən önəmli halqasının təməli 2011-ci il oktyabrın 25-də qoyulan “Star” neft emalı zavodu layihəsinin olduğu vurğulanıb. Eyni zamanda “Cənub Qaz Dəhlizi” çərçivəsində TANAP, TAP, “Şahdəniz” layihələrinin qarşıdakı on illiklər üçün Avropa və Türkiyənin dəyişən və artan ehtiyaclarına cavab verəcəyi qeyd olunub.
SOCAR-ın prezidenti ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” devizində olduğu kimi Azərbaycan-Türkiyə qardaşlığının bir rəmzi kimi tarixə həkk olunacaq bu investisiyaların bir qürur qaynağı olduğunu deyib.
“Texnoloji inkişaf, innovasiyaları daim təqib etmə və onların yaratdığı fürsətlərdən istifadə və bunlara uyğunlaşmağın enerji şirkətləri üçün mühümdür”.
Konqres işini oktyabrın 13-də yekunlaşdıracaq.
1news.az