Xəbərlər

İlham Əliyev: “Azərbaycan Avropa ilə əməkdaşlıq edir, Avropaya inteqrasiya etmir”
11 oktyabr, 2016 14:00

Məlum olduğu kimi, oktyabrın 7-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

İclasda çıxış edən dövlət başçısı Azərbaycan iqtisadiyyatının inkişafı, sahibkarlara dövlət dəstəyi, Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilmiş referendum, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərlə bağlı fikirlərini bildirib.

Qeyri-qənaətbəxş beynəlxalq mənzərə fonunda Azərbaycan öz inkişafını davam etdirir

2016-cı ilin dünya üçün ağır illərdən biri olduğunu, qlobal iqtisadi böhranın davam etdiyini deyən Prezident İlham Əliyev bildirib ki, dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr alovlanır, risklər, təhdidlər artır. Bütün dünyada miqrant böhranı müşahidə olunur.

Miqrant böhranı Qərb ölkələrində radikal partiyaların xeyrinə işləyir, onlar daha çox səs toplayırlar. Bu partiyalar hakimiyyətə gəlsə, sivilizasiyalararası qarşıdurma dərinləşəcək.

Bütün bunların fonunda Azərbaycanın müstəqil siyasət yürütdüyünü və bütün məsələlərlə bağlı prinsipial mövqe nümayiş etdirdiyini deyən dövlət başçısı qeyd edib ki, Azərbaycanda sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır, quruculuq işləri aparılır.

İqtisadi islahatlar öz nəticələrini verməkdədir: qeyri-neft sənayesi 3,6 faiz, kənd təsərrüfatı 2,4 faiz artıb

Bu il ölkə iqtisadiyyatında qeydə alınan göstəriciləri diqqətə çatdıran Prezident bildirib ki, cari ilin 9 ayında qeyri-neft sənayesi 3,6 faiz, kənd təsərrüfatı 2,4 faiz artıb.

Sosial layihələr uğurla icra edilib. 29 məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb.

Gələn il yeni məktəblərin, xəstəxanaların, olimpiya mərkəzlərinin tikintisinin nəzərdə tutulduğunu deyən Prezident bildirib ki, modul tipli məktəblər tikilməli, 2017-2018-ci illərdə bir dənə də qəzalı, təmirsiz məktəb qalmamalıdır.

Qeyd olunub ki, 33 səhiyyə obyekti inşa olunub, böyük yol layihələri icra edilib, bir neçə şəhərdə içməli su layihələri başa çatdırılıb.

İnfrastruktur layihələrinin icrası davam etdirilir. 121 mini daimi olmaqla  154 min yeni iş yeri yaradılıb.

Mühüm nəqliyyat və enerji layihələri uğurla həyata keçirilir, Azərbaycan çox mühüm nəqliyyat mərkəzinə çevrilir.

“Həyata keçirilən ciddi iqtisadi islahatlar artıq öz nəticələrini verməkdədir”- deyən dövlət başçısı bildirib ki, iqtisadi idarəetmə, ixracın stimullaşdırılması, idxaldan asılılığın azaldılması ilə bağlı  bir çox önəmli sənədlər imzalanıb.

Aparılan islahatların dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirildiyini deyən İlham Əliyevin sözlərinə görə, dünyanın bir nömrəli iqtisadi forumu - Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görüb. MDB məkanında Azərbaycan birincidir və bu liderliyi saxlayır.

“Süni qiymət artımına yol verilməməli, yerli məhsul xarici məhsuldan əhəmiyyətli dərəcədə ucuz olmalıdır”

Dövlət başçısı Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, eləcə də sahibkarlara dövlət dəstəyinin artırılması istiqamətində görülən işlərdən də danışıb. Qeyd olunan sahələrdə çox ciddi addımların atıldığını deyən İlham Əliyev sahibkarı qazandıqları vəsaiti ölkə iqtisadiyyatına yatırmağa, bununla da özəl sektorun inkişafına töhfə verməyə çağırıb.

“2017-ci ildə də büdcəmiz sosialyönümlü olmalıdır və investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır”- deyən İlham Əliyev süni qiymət artımının qarşısının alınması ilə bağlı konkret göstərişlər verib:

“Makroiqtisadi sabitliyə ciddi fikir verilməlidir. İnflyasiya birrəqəmli olmalıdır. Süni qiymət artımına yol verilməməli, çox ciddi nəzarət olmalıdır. İmkan verilməməlidir ki, natəmiz insanlar, möhtəkirlər qiymətləri süni şəkildə qaldırsınlar və beləliklə, insanlarımız bundan əziyyət çəksin.

Dünya bazarındakı qiymət artımından əziyyət çəkməmək üçün idxaldan asılılıq maksimum səviyyədə azaldılmalıdır. Daxildə istehsal olunan ərzaq məhsullarının tərkibində xarici komponent də  azaldılmalıdır”.

İqtisadi sahədə həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edəcək

Qeyd olunub ki, bank sektorunda islahatlar, konsolidasiya siyasəti davam etdirilməlidir. Bank sektoru şəffaf olmalı və ən yüksək dünya standartlarına cavab verməlidir.

Yeni müəssisələrin ölkə iqtisadiyyatının inkişafına böyük təkan verəcəyini deyən İlham Əliyev bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının tam işə düşməsi nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılacaq və qeyri-neft sahəsində çox böyük ixrac potensialı yaranacaq:

“Azərbaycanda dərman istehsalı planlaşdırılır. Yaxın aylarda artıq birinci dərman istehsalı fabrikinin təməli qoyulmalıdır.

Neftçalada İran tərəfi ilə avtomobil zavodunun tikintisi başlamışdır. Masallıda sənaye zonasının yaradılması işi gedir.

İnşaat materialları sektoruna böyük investisiyalar cəlb edilmişdir.

Daxili bazarı qorumaq üçün gətirilən bəzi mallara rüsumların qaldırılması düzgün addımdır. Bu istiqamətdə çevik siyasət aparılmalıdır.

Yerli məhsul xarici məhsuldan əhəmiyyətli dərəcədə ucuz olmalıdır.

Yaxın gələcəkdə ölkəmizdə bir neçə zavoddan ibarət böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Bunun üçün Daşkəsən filiz yataqları kimi resurs bazası var”.

Kənd təsərrüfatının inkişafı Azərbaycanın ixrac potensialını gücləndirəcək

Prezident İlham Əliyev kənd təsərrüfatının gücləndirilməsi sahəsində görüləcək işlərdən də söz açıb:

“Bu il təkcə pambıq istehsalı üç dəfə artacaq. Gələn il bu ilə nisbətən on dəfə, ondan sonra iyirmi dəfə artacaq. 24 rayonda pambıqçılığın inkişafı uğurla gedir. Bu il 100 min ton pambıq tədarük edilməlidir, gələn il 250-300 min ton, sonrakı illərdə daha da çox.

Pambıqtəmizləmə zavodlarımızın həcmi 300-350 min tondur. Biz bu rəqəmə  2018-ci ildə, bəlkə də tez çatacağıq. Ona görə, bizdə yeni pambıqtəmizləmə zavodları tikilməlidir.

Biz özümüzü taxılla təqribən 65 faiz təmin edirik. Çalışmalıyıq ki, biz özümüzü 100 faiz səviyyəsində taxılla təmin edək.

Bu il 24 rayonda baramaçılıq inkişaf edib və yaxşı nəticələr var, 70 ton barama tədarük olunub. Şəki ipək kombinatı artıq işləyir, yüzlərlə insan orada işə cəlb edilib.

Bu il təqribən 150-160 min ton üzüm yığılacaq. Dünyanın şərab bazarlarına çıxmaq üçün tədbirlər görülməlidir.

Tütünçülüyün inkişafı Azərbaycana çox böyük imkanlar yaradacaq. Bu il keçən ilə nisbətən iki dəfə çox tütün istehsal ediləcək. Qısa müddət ərzində quru tütün istehsalı 10 min tona qaldırılmalıdır.

Şəkər zavodu yerli şəkər çuğunduru əsasında işləməlidir. Bu sahədə çox ciddi işlər aparılmalıdır.

Çayçılığın inkişafı üçün fermerlərə şərait yaradılmalıdır. Stimullaşdırıcı təkliflər verilməlidir ki, maraqlı olsunlar, cənub zonasında çayçılıq inkişaf etsin.

Son vaxtlar heyvandarlıqla bağlı aparılan işlər təqdirəlayiqdir. Təqribən 500-600 min baş iribuynuzlu mal-qara bizə kifayətdir ki, südçülüyü, ətçiliyi inkişaf etdirək və bu sahədə ən müasir standartları təmin edək”.

Ölkəyə valyuta gətirən kənd təsərrüfatı sahələrinin inkişafının vacibliyini qeyd edən dövlət başçısı onların arasında fındıqçılığın çox böyük potensialının olduğunu söyləyib. O eyni zamanda ixrac bazarlarının müəyyən edilməsinin, “Made in Azerbaijan” brendinin dünyada tanıdılmasının vacibliyini də diqqətə çatdırıb:

“Biz yeni bazarlara baxmalıyıq. Bu, Yaxın Şərqdir, Körfəz ölkələridir, Asiyadır, Çindir.

Biz artıq “Made in Azerbaijan” brendini yaradırıq. Bizim heyətlər bütün ölkələrə getməlidirlər, gəzməlidirlər, təqdimatlar keçirməlidirlər”.

Sahibkarlığın inkişafına dövlət dəstəyi davam etdirilir

Sahibkarlığın inkişafından danışan Prezident bildirib ki, sahibkarlığın inkişafı üçün bu il artıq 120 milyon manat güzəştli kreditlər verilib. Ancaq ilin sonuna qədər fondda nəzərdə tutulan layihələrə tam həcmdə kreditlər verilməlidir və gələn il kifayət qədər böyük vəsait nəzərdə tutulmalıdır.

İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, “ASAN xidmət”lə bərabər yerli icra orqanları ailə biznesinin inkişaf etdirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

Bu il 16 fin tipli qəsəbənin sonuncusunun ləğvi başa çatdırılacaq

Dövlət başçısı qaçqın və məcburi köçkünləri də diqqətdən kənarda qoymayıb. Onların problemlərinin uğurla həll olunduğunu deyən Prezident bildirib ki, bu ilin proqramına uyğun olaraq, Füzuli rayonunda 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. Ölkə üzrə mövcud olan 16 fin tipli qəsəbənin sonuncusunun ləğvi başa çatdırılacaq:

“Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün böyük işlər görülmüş, bölgələrdə 100-ə yaxın qəsəbə salınmış, Bakı şəhərində evlər tikilmişdir.

2017-ci ildə bu məsələləri daha da sürətlə həll etmək üçün biz iki yolla getməliyik. Yeni qəsəbələr salınmalıdır. Eyni zamanda, yeni binalar tikilməlidir, satılmayan mövcud mənzillər dövlət tərəfindən alınmalıdır və köçkünlərə verilməlidir”.

Növbəti illərdə daha 4 “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq

Dövlət başçısı çıxışında “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə də yer ayırıb. Belə mərkəzlərin sayının 11-ə çatdığını xatırladan Prezident diqqətə çatdırıb ki, növbəti illərdə daha 4 yeni “ASAN xidmət” mərkəzi yaradılacaq:

““ASAN xidmət” mərkəzlərinin çox böyük faydası var. Mərkəzlərə 12 milyon müraciət olub. Növbəti bir-iki ildə 4 yeni “ASAN xidmət” mərkəzi yaradılmalıdır.

Ailə biznesinə “ASAN dəstək” sistemi yaradılır. Bu, çox təqdirəlayiq təşəbbüsdür”.

“ASAN xidmət” mərkəzlərinin bu il turizmin axınına çox böyük təkan verdiyini deyən İlham Əliyev xüsusilə ərəb ölkələrindən gələnlərin sayının 20-30 dəfə artmasına diqqət çəkib. Bildirib ki, hazırda “ASAN viza” sisteminə keçilir. Yaxın günlərdə elektron vizalar veriləcək.

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

Prezident İlham Əliyev çıxışında ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına da geniş yer verərək bildirib ki, Azərbaycan çoxsaylı beynəlxalq tədbirlər təşkil etməklə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu gücləndirməyə çalışır:

“Bu il iyirmidən çox dövlət, hökumət başçısı Azərbaycanda rəsmi və işgüzar səfərlərdə olub. Azərbaycan Prezidenti 14 xarici səfər edib.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanda keçirilməsi humanitar sahədə gördüyümüz işlərə dünya tərəfindən verilən böyük qiymət idi.

Azərbaycan “Formula-1”, Ümumdünya Şahmat Olimpiadası  və digər tədbirləri təşkil etməklə idman ölkəsi olduğunu bir daha nümayiş etdirdi.

Azərbaycan komandası Braziliyada keçirilən Olimpiya Oyunlarında 18 medal qazanaraq medalların sayına görə dünya miqyasında 14-cü, Avropada 7-ci, postsovet məkanında Rusiyadan sonra ikinci, müsəlman aləmində isə birinci yeri tutub”. 

“Azərbaycan böhrana, “müsəlmanlara stop” deyənlərə,   müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərə inteqrasiya edə bilməz”

Azərbaycanda beynəlxalq arenada getdikcə nüfuzunun artdığını xüsusi qeyd edən İlham Əliyev bildirib ki, Azərbaycan dövləti xalqın iradəsi ilə idarə olunur, yürüdülən siyasətə kənar müdaxilələrə yol verilmir.

Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, həmişə öz yolu ilə gedir, müstəqil siyasət  yürüdür. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var:

“Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və rəğbət qazanıbdır. Biz əməkdaşlığa meyilliyik, Azərbaycan Avropa ilə əməkdaşlıq edir, Avropaya inteqrasiya etmir. Avropa İttifaqının  rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Azərbaycan böhrana, “müsəlmanlara stop” deyənlərə,   müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərə inteqrasiya edə bilməz. Belə açıq mövqeyinə görə bəzi hallarda Azərbaycan dövlətinə qarşı təzyiqlər olur və  kampaniyalar aparılır”.

Bütün bunlara baxmayaraq Azərbaycanın Avropa ilə çox sıx əlaqələr qurduğunu deyən dövlət başçısı bildirib ki, Avropa İttifaqı ilə müxtəlif sənədlər imzalanıb, növbəti sənəd üzərində də iş aparılır:

“Azərbaycan 15 ildir ki, Avropa Şurasında üzvdür və orada da bizim mövqelərimiz gündən-günə möhkəmlənir. Avropa Şurası Parlament Assambleyasındakı deputatların əksəriyyəti artıq görür ki, Azərbaycana qarşı ədalətsizliklər, ikili standartlar olub”.

Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənib

Bu il Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini deyən Prezidentin sözlərinə görə, bir çox beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirilib:

“İslam Əməkdaşlıq Təşkilatı builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradıldı, Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu.

BMT-dən sonra ən çox üzvü olan Qoşulmama Hərəkatının Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildi. Bu, böyük diplomatik və siyasi uğurdur.

Avropa Parlamenti tərəfindən səslənən rəsmi bəyanatda da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirildi”.

Bir il ərzində Azərbaycanın Avropa Parlamenti ilə bütün əlaqələri kəsməsinə, eləcə də Avronest qurumundan çıxmasına toxunan dövlət başçısı bildirib ki, bu, Azərbaycanın günahından olmayıb:

“Bizə qarşı ədalətsizlik nümayiş etdirilmiş, diplomatiyada qəbuledilməz sözlər işlədilmişdir. Azərbaycan Milli Məclisi də çox əsaslı, arqumentli, kəskin,  Avropa Parlamentinin o qətnaməsinə uyğun cavab verdi. Nəticədə münasibətləri bərpa etmək üçün özləri gəldilər.

Azərbaycanın təklifləri müsbət qəbul edildi və bu təkliflərin nəticəsində birgə bəyanat da səsləndi. O bəyanatda ifadə olundu ki, Avropa Parlamenti belə hərəkətlərə yol verdiyinə görə təəssüf edir. Orada göstərilir ki, gələcəkdə bu cür hərəkətlərin təkrar olunmaması üçün işlər aparılacaq”.

“Referendum demokratik, ədalətli, tam şəffaf şəkildə keçirilib”

İlham Əliyev sentyabrın 26-da ölkə Konstitusiyasına əlavə və dəyişiklikləri nəzərdə tutan referendumun keçirilməsi ilə bağlı da fikirlərini bölüşüb. Referendumun demokratik, ədalətli, tam şəffaf şəkildə keçirildiyini deyən dövlət başçısının sözlərinə görə, yüzdən çox xarici müşahidəçi referendumu izləyib, bir neçə beynəlxalq rəy sorğusu agentliyi exit-poll keçirib:

“Exit-pollun nəticələri və rəsmi nəticələr üst-üstə düşmüşdür. Bu göstərir ki, Azərbaycan xalqı referendumun nəticələrini dəstəkləyir. Xalqın iradəsi referendumun nəticələrində öz əksini tapmışdır. Beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri referenduma çox yüksək qiymət vermişlər.

Azərbaycan demokratiya yolu ilə gedir.  Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər. Azərbaycan xalqı görür ki, yürüdülən siyasətə alternativ siyasət yoxdur. Alternativ siyasət fəlakət ola, yenə Azərbaycanı uçuruma apara, ölkəni qırğın meydanına çevirə bilər”.

Dağlıq Qarabağ məsələsinin həll olunmamasının əsas səbəblərindən biri də Ermənistana himayədarları tərəfindən  yardım göstərilməsidir

Prezident İlham Əliyev ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ probleminin üzərində xüsusi dayanaraq bu günə kimi sözügedən münaqişənin həll edilməməsinin səbəblərini açıqlayıb:

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir.

Azərbaycan ikili standartlarla üzləşib və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə 20 ildən çoxdur ki, icra edilmir.

ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-dan  səslənən son bəyanat  təəccüb doğurur və ABŞ, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri “status-kvo qəbuledilməzdir” tezisinə ziddir.

Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir.

Tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks təqdirdə, vasitəçilik missiyası şübhə altına düşə bilər”.

Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə imkan verməyəcək

Prezident Dağlıq Qarabağ münaqişəsinni həlli ilə bağlı ölkəmizə edilən təzyiqlərdən də danışıb. Qeyd edib ki, bağlı qapılar arxasında Azərbaycan iqtidarına təzyiqlər göstərilir ki,  Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin:

“Həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada “beşinci kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək.

Nə qədər ki, biz iqtidardayıq, heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik”.

“2017-ci il Azərbaycan üçün uğurlu olacaq”

İlham Əliyev çıxışının yekununda növbəti ildə qarşıya qoyulan məqsəd və vəzifələrdən söz açaraq 2017-ci ilin ölkəmiz üçün uğurlu il olacağına əminliyini ifadə edib

“Artıq 2016-cı il sona yaxınlaşır. Azərbaycan son üç ay ərzində görüləcək işlər nəticəsində 2016-cı ili də uğurla başa vuracaq. 2017-ci il də uğurlu olacaq.

Qarşıya qoyulan bütün vəzifələri icra etmək üçün bizdə kifayət qədər iradə, güc var. Xalq yürüdülən siyasəti dəstəkləyir, referendumun nəticələri bunu bir daha təsdiqləyir. Azərbaycanın yolu açıqdır. Biz bundan sonra da inkişaf və tərəqqi yolu ilə gedəcəyik”.

Hazırladı: Babək Cahandarov

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.