Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi davam etdirilir.
1news.az xəbər verir ki, inşaat işləri “Azəravtoyol” ASC tərəfindən aparılır.
Sözügedən qurumdan verilən məlumata görə, avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində problemlər yaşanırdı. Hazırda bu problemin aradan qaldırlması istiqamətində texnoloji ardıcıllığa riayət olunmaqla işlər aparılır.
Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun uzunluğu 39 km-dir. Artıq yolun 10 km-də işlər yekunlaşıb, hazırda digər 29 km-lik hissədə tikinti davam etdirilir.
Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilib. Hazırda qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Buna paralel olaraq yola 2 qat olmaqla asfalt-beton örtüyü döşənir. Ümumilikdə 175 min m2 ərazinin asfaltlanması nəzərdə tutulub.
Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr yolun hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə 37 ədəd suötürücü boruların tikintisi də aparılır. Bundan başqa avtomobil yolunun 7,31 və 39-cu km-lik hissələrində su kollektoru üzərində yerləşən su keçidlərin təmiri işləri də aparılıb.
Tikinti işləri bitdikdən sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd edək ki, Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi 51 mindən çox əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.
1news.az