Azərbaycan Respublikası hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın sonuncu mərhələsi çərçivəsində Göyçay şəhəri üçün tullantı sutəmizliyici qurğunun tikintisinə başlanılıb.
1news.az-ın məlumatına görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə həyata keçirilən layihəyə uyğun olaraq Göyçay rayonunun Şəhadət kəndi yaxınlığında məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa edilir. Qurğu 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Göyçay şəhərində 45 min sakinə xidmət göstərməklə ekoloji tarazlığın qorunmasına töhfə verəcək.
Layihəyə əsasən qurğu kompleksində durultma hovuzları, barmaqlıqlar, qumtucu və yağ ayırıcı kameralar, bio-fosfor, çökdürücü və təmizlənmiş suyun saxlanılması üçün çənlər, nasos stansiyaları, filtrlər, ultrabənövşəyi dezinfeksiya və digər sistemlər quraşdırılacaq. Tullantı sutəmizləyici qurğu kompleksində inzibatı bina, kompressor, transformator, lilsıxlaşdırma binaları, SCADA otağı və digər yardımçı binaların yaradılması da nəzərdə tutulur.
Qeyd edək ki, “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın əvvəlki mərhələlərində Göyçay şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılıb. Şəhərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 7 subartezian quyusu qazılıb, ümumi tutumu 7000 kubmetr olan 5 ədəd su anbarı tikilib.
Eyni zamanda Göyçay şəhərində 147 km içməli su şəbəkəsi inşa edilib, 9761 ünvana birləşmə verilərək sayğaclaşma işləri aparılıb. Görülmüş işlər nəticəsində şəhərin bütün əhalisi fasiləsiz içməli su ilə təmin olunub. Layihə çərçivəsində şəhərdə 123 km kanalizasiya şəbəkəsi yaradılıb və ünvanlara birləşmələr verilib.
1news.az