Norveçin paytaxtı Osloda keçirilən tədbirdə 2016-cı il üçün Nobel Sülh mükafatının sahibinin adı açıqlanıb.
1news.az-ın məlumatına görə, ali mükafata Kolumbiya prezidenti Xuan Manuel Santos Kalderon layiq görülüb.
Norveç Nobel Komitəsinin sədri Karin Sisille Kullmann Five bildirib ki, Kolumbiyanın prezidenti bu mükafata Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARK) rəhbəri Rodriqo London ilə nail olduğu sülh razılaşmasına görə layiq görülüb.
Tərəflər arasında sülh müqaviləsi bu il sentyabrın 26-da imzalanıb.
1964-cü ildə başlayan vətəndaş müharibəsi 50 ildən artıq davam edib və bu müddətdə 220 min nəfər müharibənin qurbanı olub, 6 milyondan çox insan isə öz doğma evindən didərgin düşüb.
Qeyd edək ki, laureatların mükafatlandırılması mərasimləri Nobelin vəfat etdiyi gündə – dekabrın 10-da Stokholm və Oslo şəhərlərində keçirilir. Fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar Stokholmda, Nobel Sülh mükafatı isə Oslo Şəhərində təqdim olunur.
1news.az