Təhsil naziri Mikayıl Cabbarov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə bağlı təbrik ünvanlayıb.
1news.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, nazir ən böyük missiyası şəxsiyyət yetişdirmək olan müəllim peşəsindən cəmiyyətin hər zaman üstün gözləntisi olduğunu və təhsilin keyfiyyətinin də müəllimin səviyyəsindən asılı olduğunu söyləyib.
M.Cabbarov bildirib ki, XXI əsrin tələbləri baxımından Azərbaycan Respublikası vətəndaşı peşəkar keyfiyyətlərə malik müəllim amilindən bilavasitə asılıdır. Ona görə də müəllim hazırlığı və peşəkar inkişafı, işə qəbul prosesində qarşıya qoyduğumuz əsas məqsəd şəffaflığın qorunmasını və keyfiyyəti təmin etməkdir:
“Əziz müəllimlər! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının 311 nömrəli tam orta məktəbində çıxışı zamanı irəli sürdüyü proqram əsaslı müddəalar - milli-mənəvi ruhda təhsil, vətəndaş tərbiyəsi və peşəkar olmağın önəmi ilə bağlı idi. Bu, təhsildə dəyərlər anlayışının ali səviyyədə bəyanı idi. Biz də bu ideyaya əsaslanaraq təhsildə dəyərlər anlayışını fəaliyyətimizin yol xəritəsinə çevirməliyik.
Təhsil inkişafın ön cəbhəsidir. Bir çox hallarda haqqında xəyali danışdığımız gələcək gözlədiyimizdən daha tez baş verir. Bu prosesə hazırlıq təhsildən başlayır və ailə ilə bərabər, müəllimlərin timsalında gerçəkləşir. Dövrün çağırışı budur ki, biz təhsilalanı gələcəyə hansı səviyyədə hazırlaya bilirik?
Müdrik kəlamda deyildiyi kimi, “Hər şey yoldan başlayır...”. Bu yolla hara gedirsən və məqsədin nədir? Müəllim bizə bu yolun başlanğıcını və məramını göstərən şəxsdir. Gələcəyin insanı bu məramla yetişir”.
Nazir sonda müəllimlərə fədakar əməyə görə təşəkkür edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
1news.az