3 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ADA” Universiteti tərəfindən hazırlanan “ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizmi təqdim olunub.
1news.az-ın məlumatına görə, tədbirdə çıxış edən xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, “ASAN xidmət”lə “ADA” Universiteti arasında yaxşı münasibətlər formalaşıb:
“Belə bir layihənin universitetimizdə təqdim edilməsi təsadüfi deyil. Gələcəkdə bu mexanizmin uğur qazanmasında “ADA” Universitetinin də rolu qeyd olunacaq”.
Bildirilib ki, “Elektron hökumət” sahəsində ölkəmizdə görülən işlər sürətlə genişlənir və “ASAN xidmət” mərkəzləri bu istiqamətdə öz töhfəsini verməkdədir. “ASAN xidmət” indeksi üzrə qiymətləndirmə mexanizminin formalaşdırılması böyük nailiyyətdir və təqdirəlayiq haldır.
Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizminin noyabr ayından etibarən fəaliyyətə başlayacağını, qiymətləndirmənin nəticələrinin isə 2017-ci ilin ortalarında cəmiyyətə açıqlanacağını deyib.
İ.Kərimov qeyd edib ki, bu mexanizm Dövlət Agentliyi və “ADA” Universitetinin ortaq layihəsidir: “Mexanizmin yaradılmasında məqsəd dövlət xidmətlərində keyfiyyətin və operativliyin artırılmasıdır. “ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizmi ancaq praktiki deyil, həmçinin elmi əsaslar nəzərə alınaraq hazırlanıb”.
“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli, 262 nömrəli Fərmanına əsasən dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılması məqsədi ilə Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılıb və istifadəyə verilib.
Hazırda 118 dövlət orqanı tərəfindən göstərilən 594 dövlət xidməti haqqında bütün məlumatlar Reyestrdə öz əksini tapıb. Bundan əlavə, yalnız mərkəzi və yerli icra hakimiyyəti orqanları deyil dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatlarının xidmətləri də Dövlət Xidmətlərinin Elektron Reyestrində əks olunacaq və vətəndaşlar vahid mənbədən bütün dövlət xidmətlərinə çıxış əldə edəcəklər.
Qeyd edək ki, “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə vasitəsilə dövlət xidmətlərini həyata keçirən şəxslərin peşəkarlıq səviyyəsinin ölçülməsi və inkişaf etdirilməsi, dövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin olunması, dövlət xidmətlərinə nəzarət və şikayət mexanizmlərinin inkişaf etdirilməsi, dövlət xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi təmin ediləcək.
1news.az