Ənənəvi olaraq keçirilən Paris Avtomobil Sərgisi bu il də bir çox yeniliklər ilə yadda qalacaq.
Demək olar ki, bütün avtomobil markalarının iştirak etdiyi və ən yeni modellərin təqdim edildiyi Paris Avtomobil Sərgisində bu il “Mercedes Benz”, “Lexus”, “Hyundai”, “Audi”, “Jeep”, “BMW”, “Dodge”, “Peugeot” kimi avtomobil markaları iştirak edəcəklər. Satışlarına 2017-ci ildə başlanılacağı gözlənilən Tam Yeni “Jeep Compass” modeli də bu il ilk dəfə olaraq Paris Avtomobil Sərgisində təqdim ediləcək. 1941-ci ildən bu günə kimi dünyada SUV mədəniyyətini formalaşdırmış “Jeep” markasının yeni “Compass modeli” C SUV seqmentinə fərqli görkəmdə qayıdır. Bu seqmentdə xüsusi çəkiyə sahib “Audi Q5”, “Hyundai Tucson”, “BMW X3” kimi modellərlə yaranacaq yeni rəqabət isə indidən böyük maraqla gözlənilir.
Yenilənmiş “Compass” modelinin son günlərdə mətbuata sızmış fotoları ilə tanış olduqdan sonra bildirə bilərik ki, yeni model eksteryer baxımından “Grand Cherokee”nin kiçik və döyüşkən qardaşına bənzəyir. Ənənəvi yeddi hissəli radiator barmaqlığı ilə tam yenilənmiş ön işıqların birləşməsi yenilənmiş modelə aqressiv görkəm bəxş edib. Avtomobilin uzunluğu 4420 mm, eni 1820 mm, hündürlüyü isə 1620 mm-dir.
Yeni “Jeep Compass” modelinin “Trailhawk”, “Latitude”, “Sport” və “Limited” komplektasiyaları ilə təqdim ediləcəyi gözlənilir. Komplektasiyalar arasındakı fərqi isə qısaca “offroad” imkanları, interyerdəki materiallar, eksteryerdəki bəzi detallar ilə ifadə etmək olar.
Xüsusi vurğulamaq istədiyimiz komplektasiya “Trailhawk”dur. “Trailhawk” komplektasiyası “Jeep” markasının tarixi ənənələrini özündə əks etdirir. Burada “Jeep” modellərini unikallaşdıran bir çox funksiyalar mövcuddur. Avtomobilin klirensinin hündürlüyü, differensialların bloklanması imkanı, “Select-Terrain” kimi unikal üstünlüklərə sahib modellər təbii ki, sonda öz sinfinin ən yüksək keçiriciliyə malik SUV-lərinə çevrilməyi bacarırlar.
“Jeep Compass”dan öncə bu komplektasiya ilk dəfə “Jeep Cherokee”, ardından isə B SUV seqmentinə məxsus “Jeep Renegade” modelində təqdim edilmişdi. Ən son olaraq isə “Grand Cherokee” və “Compass” modellərində də yuxarıda sadalanan “offroad” xüsusiyyətləri ilə zənginləşdirilməsi, markanın öz tarixi ənənələrini daha da möhkəmləndirəcəyindən xəbər verir.
SUV-də gözə çarpan digər özəlliklər isə ineryer ilə bağlıdır. “Jeep Compass”ın yeni 8.4 dyümlük displeyi “Grand Cherokee”nin displeyi ilə eynidir. İmkanları isə “Uconnect”in təqdim etdiyi ənənəvi funksiyalardır. Avtomobil artıq panaromik tavan ilə də təchiz edilib. Sükanın dizaynı müasirləşdirilib. Qısaca, “Jeep Compass”ı interyer baxımından “Cherokee”yə, eksteryer baxımından isə “Grand Cherokee”yə bənzətmək olar.
Yenilənmiş “Jeep Compass”ın mühərriki haqqında tam məlumat olmasa da, istehsala ənənəvi 2.4 litr həcmində olan mühərrik ilə başlanacağı gözlənlir. Bu mühərrik bundan öncə “Cherokee”, “Renegade” və bir öncəki nəsil “Compass” modellərində artıq təchiz edilmişdi. Bundan əlavə 1.4 l Turbo və 2.0 l Turbo Dizel kimi mühərrik variantları seçim olaraq təqdim ediləcəyi gözlənilir.
Yeni “Compass” modeli yanacaq sərfiyatını aşağı endirən qənaətcil 9 pilləli transmissiyaya sahib olacaq. Kompakt SUV-lərdə isə keçiricilik və yanacaq sərfiyatı ən önəmli faktorlardandır. Bundan öncə təqdim edilmiş və Avropda çox populyar olan “Jeep Cherokee” də 2.4 l həcmində mühərrikə və 9 pilləli transmissiyaya sahib idi. Bunun sayəsində avtomobilin yanacaq sərfiyyatı cəmi 9-11 l arası dəyişirdi. Bir SUV üçün bu heç də pis nəticə deyildi.
Avtomobil haqqında daha ətraflı məlumatı Paris Avtomobil Sərgisindən sonra əldə etmək mümkün olacaq. Hələlik isə sərgi çərçivəsində rəsmi təqdimatın başlanmasını gözləyək.