Sentyabrın 29-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib.
1news.az-ın məlumatına görə, tədbirdə Azərbaycan və Bolqarıstandan rəsmi şəxslərlə yanaşı, sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı, İKT, neft-qaz, inşaat, mühəndislik xidmətləri, mebel, sığorta, konsaltinq, ticarət və digər sahələrdə fəaliyyət göstərən 120-yə yaxın iş adamı iştirak edib.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın inkişaf etdiyini, xalqlarımızı tarixi dostluq əlaqələrinin birləşdirdiyini vurğulayıb. Qeyd edilib ki, Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunması bunun ən gözəl nümunələrindəndir.
Ölkələrimiz arasında möhkəm müqavilə-hüquqi baza yaradılıb, təkcə iqtisadi sahədə 20-dən çox sənəd imzalanıb. 2015-ci ildə imzalanmış Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın genişlənməsində xüsusi önəm kəsb edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin səkkiz ayı ərzində Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb. Azərbaycanda Bolqarıstan kapitallı 9 şirkət fəaliyyət göstərir. Bolqarıstan nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində 4-cü iclası keçiriləcək Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının fəaliyyəti ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.
Son dövrlər Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verən S.Babayev Dünya İqtisadi Forumunun qlobal rəqabətqabiliyyətlilik hesabatında Azərbaycanın öz reytinqini yaxşılaşdıraraq 37-ci yerdə qərarlaşdığını qeyd edib. Bütün bunların ölkə iqtisadiyyatına investisiya qoyulması üçün əlverişli imkanlar yaratdığını vurğulayan Sahil Babayev Bolqarıstan iş adamlarını Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sənaye parklarına və aqroparklara investisiya yatırmağa dəvət edib. Energetika, təhsil, turizm, üçüncü ölkələrə ixracı nəzərdə tutan birgə müəssisələrin yaradılması, tranzit yüklərin daşınması sahələrində də əməkdaşlıq imkanları genişdir. Sahil Babayev bugünkü Azərbaycan-Bolqarıstan biznes forumunun iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacağını vurğulayıb.
Bolqarıstan Respublikasının iqtisadiyyat naziri Bojidar Lukarski Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarının mövcudluğunu diqqətə çatdırıb. Bolqarıstanın Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayan Bojidar Lukarski iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə, Bolqarıstanın Azərbaycanda səfirliyinin nümayəndəsi Dimitar Lilov bu ölkənin biznes imkanlarına dair təqdimatlarla çıxış ediblər.
Tədbir çərçivəsində AZPROMO və Bolqarıstanın Kiçik və Orta Müəssisələrin Təşviqi Agentliyi, Azərbaycanın Ticarət və Sənaye Palatası və Sofiya şəhərinin Ticarət-Sənaye Palatası, Azərbaycanın Ticarət və Sənaye Palatası ilə Bolqarıstanın Kiçik və Orta Müəssisələrin Təşviqi Agentliyi, AZPROMO və Bolqarıstan-Azərbaycan Ticarət-Sənaye Palatası arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.
Tədbir iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam edib.
1news.az