Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Mərkəzi Bank nəzdində fəaliyyət göstərmiş İpoteka Fondunun yenidən təşkil yolu ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması ilə əlaqədar olaraq, fondun hər birinin nominal dəyəri 1 manat olan 307 mln. 238 min 671 ədəd adi səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınıb.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə əsasən, Palatadan verilən məlumata görə, səhmlərin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, bundan öncə "Azərbaycan İpoteka Fondu" ASC kapitallaşma həyata keçirməyi planlaşdırıb.
Bu, 2016-cı ilin yenilənmiş dövlət büdcəsində öz əksini tapıb.
Belə ki, bu il ASC-nin nizamnamə kapitalı 50 mln. manat artmalı idi. "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması haqqında Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən, 2005-2015-ci illər ərzində dövlət büdcəsindən Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fonduna ayrılmış vəsaitlər cəmiyyətin nizamnamə kapitalına aid edilib.
Martın 3-ə fondun nizamnamə kapitalının 266 mln. manat olduğunu nəzərə alsaq, ASC-nin kapitalının 316 mln. manata çatdırılması nəzərdə tutulmuşdu.
Lakin MBNP-nin dövlət qeydiyyatına aldığı səhm emissiyasından görünür ki, ASC-nin nizamnamə kapitalı 307 mln. 238 min 671 min manatdır.
1news.az