Sentyabrın 27-də ADEX 2016 Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində "Silk Way Helicopter Services" (SWHS MMC) kommersiya helikopter şirkəti və Rusiyanın vertolyot holdinqi "Vertolyoti Rossii" Niyyət Sazişi imzalanıb.
1news.az xəbər verir ki, sənədi "Silk Way Helicopter Services" şirkətinin baş direktoru Azər Sultanov və "Vertolyoti Rossii" SC-nin baş direktorunun müavini İqor Çeçikov imzalayıb.
Sazişə əsasən, Azərbaycanda vertolyotlara, o cümlədən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının balansında olan vertolyotlara texniki xidmət və əsaslı təmiri üzrə servis mərkəzi yaradılacaq.
"Silk Way Helicopter Services" şirkəti Azərbaycanın ən müasir aviasiya müəssələrindən biridir. Aviaşirkətin vertolyotları hər il 50 mindən artıq sərnişin daşıyır. Hazırda şirkətin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına Sikorsky S-92A, Leonardo Helicopters AW139, Airbus Helicopters AS-332L1, Airbus Helicopters EC-155B1, Ми-8МТВ-1, Ми-8АМТ¸ həmçinin Cessna 172S tipli təyyarələr daxildir.
"Vertolyoti Rossii" - Rusiyada vertolyotların yeganə istehsalçısı, eləcə də dünyada müasir mülki və hərbi vertolyotların layihələndirilməsi, istehsalı, sınağı və texniki xidmət imkanlarına malik azsaylı şirkətlərdən biridir. "Rusiya vertolyotları" holdinqi Rostex Dövlət Korporasiyasının strukturuna daxildir.
1news.az