Çində dünyanın ən böyük radioteleskopu istifadəyə verilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, dünyada ən iri radioteleskop olan FASТ Çinin cənub-qərbində Quyçjou vilayətinin dağlıq ərazisində yerləşir. Teleskopun diametri 500 metr, qurğunun perimetri 1,6 kilometrdir. Tikintisinə 2011-ci ildə başlanılan layihənin icrasına 1,2 milyard yuan (185 milyon dollar) sərf edilib.
Teleskop dünyanın ən sürətli kompyuteri "Sky Eye 1" ilə əlaqələndirilib. Ehtimal olunur ki, ilk 2-3 ildə radioteleskopdan yalnız çinli mütəxəssislər istifadə edə biləcəklər. Sonra teleskop bütün dünyanın alimləri üçün açıq olacaq.
Teleskopdan 10 kilometr aralıda tikintiyə qadağa qoyulub. Hakimiyyət teleskopun ən azı 5 kilometrlik məsafəsində yaşayan 8-9 min nəfəri ərazidən köçürüb.
1news.az