Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının səkkizdəbir final mərhələsində növbəti üç oyun keçirilib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, mundialın ən böyük sensasiyasını Azərbaycanla eyni qrupda mübarizə aparmış İran gerçəkləşdirib.
Əvvəlki yeddi çempionatın beşində qalib gələn və yenə bu mundialın favoriti sayılan Braziliya gözlənilmədən mübarizəni dayandırıb. Qonşu ölkə yığması səkkizdəbir finalda son dünya çempionu Braziliyanı mübarizədən kənarlaşdırıb. Görüşün əsas vaxtında 2:2 hesablı heç-heçə qeydə alınıb.
Əlavə vaxtda tərəflər hərəyə bir dəfə fərqləniblər. Penaltilər seriyasında isə İran daha dəqiq olub-3:2. Qalib komandanın növbəti mərhələdə rəqibi daha öncə bu vəsiqəyə yiyələnmiş Paraqvay olacaq.
Digər iki oyunda isə pireneylilər asan qələbə qazanıblar. İspaniya Qazaxıstan millisini 5:2, Portuqaliya isə Kosta-Rikanı 4:0 hesabı ilə məğlub edib. Bu gecə Azərbaycan yığması Tailand üzərində qələbə qazanacağı təqdirdə, növbəti mərhələdə Portuqaliya komandamıza rəqib olacaq.
İspaniya isə dörddəbir finalda Rusiya ilə üz-üzə gələcək.
1news.az