Xəbərlər

İlham Əliyev: “2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq”
17 sentyabr, 2016 17:42

Əfsuslar olsun ki, bu gün pambıqçılıq Azərbaycanda tənəzzülə uğrayıb. Bunun müəyyən obyektiv və subyektiv səbəbləri var. Bugünkü müşavirə ona görə təşkil edilir ki, biz həm keçən bir neçə ay ərzində görülən işlərlə bağlı fikir mübadiləsi aparaq, - burada məruzələr səslənəcək, - eyni zamanda, gələcək illər üçün fəaliyyət planı hazırlanır və biz bu gün bu barədə də danışacağıq”.

1news.az xəbər verir ki, bunu prezident İlham Əliyev bu gün Sabirabadda pambıqçılığın inkişafına dair respublika müşavirəsində deyib.

Dövlət başçısı Azərbaycanda müxtəlif istiqamətlər üzrə sürətli inkişaf dövrü yaşandığını bildirib:

“Mən 2003-cü ildə ilk dəfə prezident vəzifəsinə seçilərkən bəyan etmişdim ki, fəaliyyətimin əsas istiqamətlərindən biri regionların inkişafı ilə bağlı olacaq. Beləliklə, prezident seçkilərindən bir neçə ay sonra - 2004-cü ilin əvvəlində birinci regional inkişaf proqramı qəbul edilmişdir. O proqram çərçivəsində ölkəmizdə beş il ərzində 600 min iş yerinin yaradılması nəzərdə tutulurdu. Beş il ərzində - 2008-ci ilə qədər bu məqsəd təmin edildi.

Regionların inkişafı böyük investisiya qoyuluşu tələb edirdi. Çünki biz, ilk növbədə, regionlarda çox möhkəm və müasir infrastruktur yaratmalı idik. Əfsuslar olsun ki, 1970-ci illərdə regionlarda yaradılmış infrastruktur sıradan çıxmışdı – yollar bərbad vəziyyətdə idi, elektrik xətləri demək olar ki, dağıdılmışdı, onların bir hissəsi kəsilib xaricə satılmışdı, qaz təchizatı ümumiyyətlə yox idi, su ilə bağlı böyük problemlər var idi və regionların inkişafından söhbət belə gedə bilməzdi. Çünki inkişafı şərtləndirən əsas amillər infrastrukturla bağlıdır.

Məhz buna görə 2004-cü ildən başlayaraq bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra olundu. Bu gün Azərbaycanın bütün bölgələri elektrik, qaz, içməli su ilə təmin edilir. Əgər 2003-cü ildə elektrik enerjisini və qazı xaricdən idxal edirdiksə, bu gün biz elektrik enerjisini, qazı ixrac edirik. Son illər ərzində Azərbaycanda tikilmiş elektrik stansiyaları nəinki tələbatımızı ödəyir, hətta ixrac potensialı da yaradır. Həmçinin qaz sahəsində də bu gün Azərbaycan həm regionda, həm gələcəkdə dünyada, Avropada çox önəmli qaz hasil və ixrac edən ölkəyə çevrilir.

Kənd yolları ilə bağlı problemlər həll olunur, o cümlədən Sabirabad rayonunda. Bu il bu məqsədlər üçün 200 milyon manatdan çox vəsait nəzərdə tutulubdur. Magistral yolların demək olar ki, hamısı artıq yaxşı vəziyyətdədir. Bakı-Sabirabad yolu da, - bilirəm, sabirabadlılar bu yoldan çox əziyyət çəkirdilər, - artıq əsaslı təmir olunaraq insanların istifadəsinə verilmişdir. İnfrastruktur layihələrinin icrası əsas şərt idi. Bununla bərabər, işsizliyin aradan qaldırılması məsələsi də çox kəskin problem kimi mövcud idi. Bu məsələ də öz həllini tapdı. Bu gün Azərbaycanda işsizliyin səviyyəsi çox aşağıdır və işləmək istəyən özü üçün iş tapa bilər.

Bizim qarşımızda duran vəzifələrdən biri ərzaq təhlükəsizliyi məsələsi idi. Çünki sovetlər vaxtında biz əsas ərzaq məhsullarını Azərbaycana başqa respublikalardan gətirirdik. Misal üçün, toyuq ətini, mal ətini, südü, şəkəri, digər əsas ərzaq məhsullarını biz Rusiyadan, Ukraynadan gətirirdik. Ona görə, qarşıya vəzifə qoyulmuşdu ki, biz ərzaq təhlükəsizliyimizi təmin etməliyik. Odur ki, Azərbaycanda taxılçılığın, heyvandarlığın, ümumiyyətlə, bitkiçiliyin inkişafı sürətlə getmişdir. Bu gün biz özümüzü ətlə tam təmin edirik. Toyuq əti ilə 100 faiz, süd və süd məhsulları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 2-3 il ərzində öz tələbatımızı tam ödəyəcəyik və eyni zamanda, xaricə də süd məhsulları ixrac edəcəyik. Ona görə bizim əsas məqsədimiz bu məsələlərlə bağlı idi və deyə bilərəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həlli işində çox böyük nailiyyətlər var.

Ancaq əfsuslar olsun ki, kənd təsərrüfatının digər sahələri bir qədər diqqətdən kənarda qalıb. Bunun da obyektiv və subyektiv səbəbləri var. Hesab edilirdi ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatı hər şeyi tənzimləyir, hər şeyi yoluna qoyur. Ancaq həyat göstərir ki, bu, belə deyil. Əlbəttə ki, biz bazar iqtisadiyyatına sadiqik, bu gün iqtisadiyyatımızın 80 faizdən çoxu özəl sektorda formalaşır və sahibkarlığın inkişafına çox böyük dəstək verilir, o cümlədən çox böyük maliyyə dəstəyi. Son illər ərzində sahibkarlara müxtəlif layihələri icra etmək üçün 1 milyard manatdan çox məbləğdə güzəştli kreditlər verilmişdir. Ancaq pambıqçılığın tənəzzülə uğraması göstərir ki, dövlət mütləq bu işlərə müdaxilə etməlidir.

Bazar iqtisadiyyatı heç də o demək deyil ki, hər şey yolunda olacaq. Pambıqçılığın tənəzzülə uğraması bunun bariz nümunəsidir. Ona görə, qərar qəbul edildi ki, bu gün bir halda ki ərzaq məhsulları və ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin böyük əksəriyyəti öz həllini tapıb və artıq icrada olan layihələr yaxın zamanlarda öz bəhrəsini verəcək, indi dövlət kənd təsərrüfatının inkişafına həm daha da güclü dəstək verməlidir, həm də bu sahəyə daha da böyük miqyasda müdaxilə etməlidir. O mənada müdaxilə etməlidir ki, biz fermerlərə kömək göstərək, onların problemlərini həll edək və ölkəmizdə ənənəvi olan, ancaq əfsuslar ki, tənəzzülə uğrayan sahələri bərpa edək və inkişaf etdirək.

Beləliklə, hesab edirəm ki, bu il bu sahədə dönüş ili olmuşdur. Bir daha qayıdıram sovet vaxtına. O vaxt ümumittifaq xalq təsərrüfatı bölgüsü aparılırdı. Bəzi respublikalarda heyvandarlıq, taxılçılıq inkişaf edirdi. Azərbaycanda isə qeyd etdiyim kimi, üzümçülük, pambıqçılıq, tütünçülük, çayçılıq, baramaçılıq və digər sahələr inkişaf edirdi. Sovet İttifaqı dağılandan sonra respublikalararası əlaqələr də kəsildi və beləliklə, biz çətin bir vəziyyətlə üzləşmişdik. Bu gün biz respublika üçün ənənəvi olan kənd təsərrüfatı sahələrini bərpa edirik və 2016-cı il bu istiqamətdə dönüş ili olmalıdır.

Bu il baramaçılıqda böyük inkişaf müşahidə olunur. Əgər 2015-ci ildə cəmi 200 kiloqram yaş barama istehsal olunubsa, bu il 70 tona çatıb. Görüləcək tədbirlər nəticəsində bir neçə ildən sonra Azərbaycanda min ton barama tədarük ediləcək. Görün minlərlə, on minlərlə insan nə qədər böyük qazanc əldə edəcək.

Bu il tütünçülüklə bağlı ciddi addımlar atılıb. Biz tütünün tədarükünü iki dəfə artırmaq niyyətindəyik.

Əvvəlki illərdə üzümçülüklə bağlı görülmüş tədbirlər öz bəhrəsini verir. Ancaq hesab edirəm ki, bu, lazımi səviyyədə deyil və daha da böyük investisiyalar qoyulmalıdır.

İxrac qabiliyyətli məhsulların istehsalını artırmaq üçün müxtəlif bölgələrdə böyük fındıq bağları salınacaq. Demək olar ki, mövcud fındıq bağlarından iki dəfə çox yeni bağlar salınacaq. Artıq yerlər də müəyyən edildi və işlər görülür. Səmərəsiz istifadə olunan torpaqlarda planlı şəkildə növbəli əkin təmin ediləcək.

İndi bizim böyük örüş sahələrimiz var. Kənd təsərrüfatı ilə məşğul olanlar yaxşı bilirlər ki, burada da normativlər var, bir hektarda nə qədər mal-qara saxlanmalıdır. Bu normativlər də pozulur. Nəzərə alsaq ki, heyvandarlıqla bağlı çox ciddi dövlət proqramı icra edilir, minlərlə, on minlərlə baş cins mal-qara gətirilir. İndi biz süni mayalanma sisteminə keçirik və beləliklə, üç-dörd il ərzində Azərbaycanda mal-qaranın cinsi tam dəyişdiriləcək. Həm ətlik, həm də südlük mal-qara sahəsində böyük məhsuldarlıq təmin ediləcək. Bunun üçün iribuynuzlu mal-qaranın qapalı yerlərdə saxlanması layihələri icra edilir.

Böyük torpaq sahələri daha da səmərəli şəkildə dövriyyəyə buraxılacaq. Ona görə, bu il çox ciddi təftiş aparılır. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir. Artıq bir çox müqavilələrin icarəsi ləğv olunub, bu proses davam etdirilir. Dövlət orqanları, yerli orqanlar və ictimaiyyət tərəfindən çox ciddi nəzarət olmalıdır. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət Azərbaycanda güclü olmalıdır. İctimai nəzarət, yəni, vətəndaşların nəzarəti güclü olarsa, onda biz bu işləri daha da böyük uğurla həll edə bilərik.

İxracyönümlü məhsulların istehsalı bu gün ölkə qarşısında prioritet vəzifə olaraq dayanır və bu vəzifə icra edilməlidir. Bu nə ilə bağlıdır? İlk növbədə, biz bunu ona görə etməliyik ki, ölkəmizin mövcud olan bütün kənd təsərrüfatı potensialını 100 faiz səviyyəsində həyata keçirək. Bir qarış torpaq boş qalmamalıdır. Bu, məhsuldarlığı artıracaq, insanlara daha da böyük maddi gəlir gətirəcək, dövlətə də bunun böyük xeyri olacaq.

Kənd təsərrüfatının inkişafı Azərbaycanda prioritet sahədir. İndi fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Böyük həcmdə subsidiyalar verilir. Fermerlərə subsidiya şəklində 200 milyon manata yaxın vəsait verilir. Kənd təsərrüfatı texnikası, gübrələr alınır, onlar və yanacaq fermerlərə güzəştli şərtlərlə verilir. Burada da həm dövlət nəzarəti, ictimai nəzarət güclü olmalıdır, həm də yerli icra orqanları bu işlərdə daha da fəal olmalıdırlar ki, dövlət tərəfindən ayrılan vəsait ünvana çatsın və bunun nəticəsi olsun. Ona görə, subsidiyalarla bağlı məsələlər indi təhlil edilir, yeni təkliflər hazırlanır.

Bununla bərabər, bildiyiniz kimi, dünyada neftin qiymətinin düşməsi ilə bağlı bizim gəlirlərimiz də azalıb. Əgər qiymət üç-dörd dəfə düşürsə, gəlirlər də üç-dörd dəfə azalır. Biz Azərbaycana valyuta axınını təmin etməliyik. Ona görə, ixracyönümlü məhsulların istehsalı xüsusi əhəmiyyət daşıyır. Pambıq da ixracyönümlü məhsuldur. Təsadüfi deyil ki, pambığa “Ağ qızıl” deyirlər. Bu il pambıqçılığın bərpasının birinci ilidir. İndi statistikaya baxdıqda göz önünə çox acınacaqlı mənzərə çıxır. Əgər Ulu Öndərin yorulmaz səyləri və zəhmətkeşlərin böyük fədakarlığı nəticəsində 1970-80-ci illərdə bir milyon ton pambıq tədarük edilirdisə, keçən il cəmi 35 min ton yığılıb. Əgər o illərdə 300 min hektarda pambıq əskilirdisə, keçən il cəmi 18 min hektarda pambıq əkilib. Bu, nə deməkdir?! Bu, pambıqçılığın məhvi deməkdir. Bu, dözülməzdir və artıq ciddi tədbirlər görülür. Düzdür, biz bu il bir az gecikmişik. Ancaq bu il yenə də yaxşı nəticələr gözlənilir. Bu gün burada rayonlar üzrə çıxış edənlər məruzələrində deyəcəklər. Bu il bütövlükdə 51 min hektar sahədə pambıq əkilib. Keçən illə müqayisədə bu, təxminən üç dəfə çoxdur.

Əgər keçən il 35 min ton pambıq yığılıbsa, bu il ən az 100 min ton pambıq yığılmalıdır. Gələn il üçün bizim daha da böyük planlarımız var. Gələn ilə hazırlıq işləri artıq başlayıb. Bu il buna böyük vəsait sərf olunub, operativ olaraq bütün lazımi tədbirlər görülübdür. Suvarma ilə, elektrik enerjisi ilə bağlı tədbirlər görülüb, yeni pambıqyığan kombaynlar, minlərlə adda kənd təsərrüfatı texnikası gətirilib və bəzi texnikalar hələ ki, yoldadır. Gələn ay onlar da gəlib çatacaq və 2017-ci ildə də gətiriləcək.

Dünyada iqtisadi böhranın davam etdiyi indiki şəraitdə gəlirlərimiz 3-4 dəfə azalıb. Buna baxmayaraq biz yenə də kənd təsərrüfatı texnikası alıb fermerlərə güzəştli şərtlərlə vermək üçün yüz milyonlarla dollar vəsait xərcləyirik ki, onlar da pul qazansınlar və dövlətə də bunun xeyri olsun.

Pambıqçılığın inkişafı iqtisadi məsələlərin həlli ilə yanaşı, eyni zamanda, sosial məsələdir. Çünki mənə verilən məlumata görə, bu il 24 rayonda pambıq tarlalarında 70 minə yaxın insan işləyəcək və bu, məşğulluğun artırılması deməkdir. Son 13 il ərzində ölkəmizdə 1 milyon 300 min iş yeri yaradılıb. Bu, tarixi nailiyyətdir. İşsizliyin aradan qaldırılması istiqamətində çox ciddi addımlar atılıb. Ancaq bu, daimi proses olmalıdır. Nə üçün? Çünki bəzi başqa ölkələrdən fərqli olaraq Azərbaycanda demoqrafik dinamika çox müsbətdir. Bu da bizim iqtisadi inkişafımızla bağlıdır və əhali artır. Əgər 1970-ci illərdə əhali təqribən 7 milyon nəfər idisə, bu gün 10 milyona yaxınlaşır. Əgər o illərdə pambıq yığımına tələbələri cəlb edirdilərsə, bu gün buna ehtiyac yoxdur. Çünki bizdə kifayət qədər əmək resursları var. Ona görə, pambıqçılığın inkişafı yeni iş yerlərinin yaradılması deməkdir. Hesab edirəm ki, gələn il əkin sahələri daha da artacaq və beləliklə, işləyənlərin sayı da artmalıdır. Pambıq əkilən rayonlarda yüz minlərlə insan bu işlərə cəlb ediləcək. Biz bu il pambığın alış qiymətini də 20 faiz qaldırdıq. Ancaq yenə də baxmalıyıq, bəlkə yenə də qaldırmaq lazımdır. Bu gün buraya gələrkən görkəmli pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Fatma xanım Hüseynovanın briqadasında olmuşam. Sağ olsun, mənim üçün çay süfrəsi də açmışdı. Biz yaxşı xatirələri bölüşdük, gəlin Fatma xanımı salamlayaq. Orada da söhbət əsnasında deyildi ki, bəli, alış qiymətləri artıb, ancaq yaxşı olar bir az da artsın.

Əlbəttə, yaxşı olar, biz də bunu istəyirik, fəhlələr üçün daha yaxşı olacaq. Ona görə, mən indi müvafiq orqanlara tapşırıq verirəm ki, - Prezident Administrasiyası, Kəndə Təsərrüfatı, İqtisadiyyat nazirlikləri, pambıqla məşğul olan firmalar da baxsınlar, - biz nə qədər mümkünsə, əlbəttə, alış qiymətini qaldırmalıyıq. İlk növbədə ona görə ki, insanlar daha da çox pul əldə etsinlər. Eyni zamanda, biz pambıqçılığın inkişafının stimullaşdırılması üçün əlavə tədbirlər görməliyik. Biz bu il qısa müddət ərzində - cəmi bir neçə ayda inzibati yollarla böyük işlər gördük, texnikanın cəlb edilməsi, suvarma, elektrik ilə bağlı məsələləri operativ qaydada həll etdik. Ancaq biz elə etməliyik ki, kəndlilər özləri də maraqlı olsunlar. Belə olan halda əlbəttə ki, biz daha da çox məhsul əldə edəcəyik.

Əlbəttə, məhsuldarlıqla bağlı olan məsələlər də gündəlikdədir. 1970-ci illərdən fərqli olaraq bu gün dünyada daha da müasir texnologiyalar var və biz o texnologiyaları Azərbaycana gətiririk və gətirməliyik ki, məhsuldarlıq daha artsın. Əgər keçən il hektardan məhsuldarlıq 20 sentner idisə, hesab edirəm ki, biz görüləcək tədbirlər nəticəsində bunu təqribən 30-35, bəlkə də 40 sentnerə qaldıra bilərik. Beləliklə, özünüz yaxşı bilirsiniz ki, bu, nə deməkdir. Mən Prezident Administrasiyasının bu işlərdə fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Vaxt məhdudiyyətinə baxmayaraq biz məhz Prezident Administrasiyasının səyi və yerli icra orqanlarının rəhbərlərinin fəaliyyəti nəticəsində bu il bu dönüşə nail ola bildik. İcra başçıları da, fəallar da, zəhmətkeşlər də çox yaxşı işlədilər.

Bir daha demək istəyirəm ki, 2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq. Dediyim kimi, bunun həm insanlara, həm dövlətə böyük xeyri olacaq”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.