Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə yeni tədris ilinin başlanması və Bilik günü münasibətilə tədbir keçirilib.
1news.az-ın məlumatına görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.
Hərbi Liseyin kursantlarını Bilik günü münasibətilə təbrik edən Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə və muxtar respublikada ordu quruculuğu sahəsində ardıcıl tədbirlərin görüldüyünü bildirib.
Silahlı Qüvvələrimizin həm güclü maddi-texniki bazaya, həm də peşəkar və vətənpərvər şəxsi heyətə malik olduğunu deyən müdafiə naziri müasir dövrdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin mühüm istiqamətlərindən biri kimi ixtisaslı kadrların yetişdirilməsini xüsusi vurğulayıb.
Hərbi təhsil müəssisəsinin rəisi general-mayor Elman Orucov dövlət rəhbərliyinin himayəsi və yüksək qayğısı ilə liseydə ən müasir şəraitin yaradıldığını qeyd edib. O, kursantların təhsili ilə yanaşı, sosial müdafiəsi və vətənpərvərlik tərbiyəsinin də diqqət mərkəzində olduğunu bildirib.
Daha sonra çıxış edən kursant və valideynlər ölkəmizdə ordu quruculuğundan danışıb və göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra Heydər Əliyev adına Hərbi Liseyin bir qrup hərbi qulluqçusu müdafiə nazirinin əmri ilə medallarla təltif edilib.
Daha sonra liseyin pedaqoji kollektivi və valideynlərlə görüşən nazir tədris korpusunda və yataqxanada yaradılan şəraitlə tanış olub.
1news.az