Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri sentyabrın 15-də Qazax rayonunun Kəmərli kəndində bir ev və həyətyanı sahədə təhlükəli əraziyə baxış keçiriblər.
1news.az-ın ANAMA-ya istinadən verdiyi xəbərə görə, əraziyə baxış zamanı 1 ədəd partlamamış hərbi sursat (82 mm-lik minaatan mərmi O-832DU) aşkar edilərək götürülüb. Gün ərzində 150 kvadratmetr ərazi yoxlanılıb.
Qeyd edək ki, ümumilikdə agentlik tərəfindən aprelin 7-dən sentyabrın 15-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib.
Nəticədə 3 479 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 35 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
1news.az